“Kişi şahmatçılarımızın hədəfi olimpiya çempionluğudur” – MÜSAHİBƏ
29 sentyabr 2010 16:16 (UTC +04:00)

“Kişi şahmatçılarımızın hədəfi olimpiya çempionluğudur” – MÜSAHİBƏ

- Azərbaycanın kişilərdən ibarət milli komandasının son iki olimpiadanın qalibi Ermənistan yığması üzərində qələbəsi haqda fikirlərinizi bilmək istərdik...

- Şahmatçılarımız ermənilərin bütün debütlərini düzgün tapmışdılar. Yəni, görüşə çox yaxşı hazırlaşmışdılar. Ağ fuqurlarla oynayan təmsilçilərimiz Qədir Hüseynovla Teymur Rəcəbov müvafiq olaraq, Arman Paşikyanla Vladimir Akopyanı əməlli başlı incitdilər. Hüseynov Paşikyanla görüşünü kişi kimi başa vurdu, rəqibini faktiki əməlli-başlı mat qoydu. Teymur az qalmışdı ki, qələbə qazansın. Amma onun Akopyanla qarşılaşmasında əsas məsələ səhvə yol verməməkdən ibarət idi. Şəhriyar Məmmədyarovun Levon Aronyanla görüşünün gedişində qeyri-müəyyən vəziyyət yaransa da, biz bir dəqiqə də həyəcanlanmadıq. Çünki Şəhriyar partiyanı çox ürəklə, qətiyyətlə qurdu. Rauf Məmmədov isə Qabriel Sarkisyanla görüşündə heç-heçəyə nail oldu. Beləliklə, millimiz son iki olimpiadanın qaliblərini 2,5:1,5 hesabı ilə məğlub etdi.

- Siz ermənilərlə qarşılaşmada qələbənin məhz 4-cü taxtada qazanılacağını gözləyirdiniz?

- Bəli. Mən qələbəni ilk 2 taxtada yarışan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovdan yox, məhz “quyruq” adlandırılan 3-4-cü taxtalardan gözləyirdim. Çünki güclü komandaların üstünlüyü “quyruğ”undadır. Məsələn, Norveç və Bolqarıstan yığmalarında Maqnus Karlsenlə Veselin Topalov birinci taxtada çıxış edirlər. Lakin bu ölkələr zəiflə də, güclü ilə də üz-üzə gələndə şahmatçıların oynadıqları taxtalardan asılı olmayaraq, hər qələbə 1 xal sayılır. Yəni, komandaların bütün taxtaları bərabər olmalıdır. Xüsusən də “quyruq”. “Quyruq” təhqiramiz yox, şahmatda qəbul olunmuş sözdür. Komandalar 3-4-cü taxtaları ilə güclü olurlar.

- Ermənistan üzərində qələbədən sonra millimiz olimpiadanın mükafatlarına iddia edə bilər?

- Biz doğrudan da əsas rəqibi sıradan çıxarmağa müvəffəq olmuşuq. Lakin bununla hər şeyin bitdiyini demək olmaz. Çünki hələ qarşıda 4 tur var. Bu görüşlərdə bir-birindən güclü rəqiblərlə üz-üzə gələcəyik. Sentyabrın 29-da qarşılaşacağımız Macarıstanın heyətinə baxsaq, görərik ki, 4-cü taxtadakı Çaba Baloğ rəqibi Qədir Hüseynovdan reytinqcə cəmi 3 xal geri qalır. Baymayaraq ki, Macarıstan millisində yalnız 1-ci taxtadakı Peter Leko ulduz sayılır. Amma bizdə ilk 2 taxtadakı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ulduzdurlar. Macarıstanın heyəti bərabər səviyyəli şahmatçılardan ibarətdir. Yəni, rəqib həddən artıq güclüdür. Amma Ermənistanla oyundakı kimi, əzmlə çıxış etmək lazımdır. Komanda yarışlarında əsas məsələ odur ki, qara taxtalar risk etməsin, ağ taxtalar isə şanslarından yararlansınlar.

- Teymur Rəcəbovla görüşdə Vladimir Akopyan Ermənistanı məğlubiyyətdən xilas etmək üçün mütləq qalib gəlməli idi...

- Amma Akopyanın qələbə şansı yox idi. Erməni ümid edirdi ki, Teymur hardasa səhv buraxar. Bu görüşdə qələbəyə yalnız Rəcəbov oynayırdı. Akopyan isə taxtada can verirdi. Şahmatçımızın yüngül seytnota düşmə riski də var idi. Amma taxta üzərində çox az fiqur qaldığı üçün bu, çox da təhlükəli deyildi. Məhz Qədir Hüseynovun qələbəsindən sonra Teymur Rəcəbov rahat oynamağa başladı. Rəcəbov Akopyanı taxtada qovurdu. Erməni şahmatçı son anda çulunu sudan çıxardı və görüş heç-heçə ilə nəticələndi.

- Bəs Sizcə, yeganə məğlubiyyəti Vyetnamdan alan kişi şahmatçılarımızın olimpiya çempionu olması nə dərəcədə realdır?

- Yadınızdadırsa, biz ötən il Serbiyada Ermənistana uduzduğumuz halda, Avropa çempionu olduq. İndi isə erməniləri yenmişik. Bu qələbənin əhəmiyyəti çox böyükdür. Çünki Ermənistan yığması çox təcrübəlidir. Digər güclülərdən fərqli olaraq, bu komandanın daxili ab-havası həmişə gözəl olub. Düşmən də olsalar, onlardan yaxşı şeyləri götürməliyik. Baxmayaraq ki, yalnız 1-ci taxtadakı Levon Aronyan ulduzdur. Vladimir Akopyan da güclüdür, hətta vaxtilə “10-luğ”a daxil olub. Dünya çempionatının finalında oynayıb, Bakıda böyüyüb, azərbaycanlı məşqçilərin yetirməsidir. Lakin super şahmatçı yalnız Aronyandır. Ermənilərdə təkcə tənbəllik və hiyləgərlik, məkrlilik olmur ki? Əzmkarlıqları da var.

- Yanvarda Türkiyədə keçirilmiş dünya çempionatında da millimiz Ermənistanı yenmişdi. Lakin mükafatçılar sırasına düşə bilməmişdi...

- Dünya çempionatında bizim bir rəqibimiz vardı. O da özümüz idik. Başqa rəqibimiz yox idi. Hamı bizdən qorxurdu. Hamı bizi favorit sayırdı. Məlum hadisələr baş verməsəydi, oynaya-oynaya qalib gəlməli, dünya çempionu olmalı idik. Əfsuslar! Gərək həmin dünya çempionatında baş verənlərdən nəticə çıxaraq.

- Demək, Azərbaycan millisi olimpiya çempionu ola bilər...

- Kişilərdən ibarət yığmamız bu cür heyətlə hansı yarışda iştirak edirsə-etsin, yalnız çempionluq üçün oynamalıdır. Baxmayaraq ki, biz özümüz üçün “3-lük”, “5-lik” deyirik. Olimpiya çempionluğunu hədəfləyib, əzmlə mübarizə aparmalıyıq. Birinci pillədən başqaları yer sayılmır.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar