"Yanımdan keçəndə yerə tüpürdü" - Fazil Mustafaya qarşı TERROR İŞİ
16 mart 2024 10:50 (UTC +04:00)

"Yanımdan keçəndə yerə tüpürdü" - Fazil Mustafaya qarşı TERROR İŞİ

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda şahidlər dindirilib.

İlk olaraq iş üzrə şahid Elməddin Əliyev ifadə verib:

"Evdə idim. Çöldə səsə çıxdım. Küçənin başına getdim. Geri qayıdanda qabağımdan kapşonlu bir nəfər getdi. Üzünü görmədim çünki kapşonu vardı. Sonradan çönüb arxaya baxanda belində boz çanta olduğunu gördüm".

Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib:

"Hadisə günü işdən çıxıb evə gəlmişdim. Daha sonra evdə atamla söhbət etdim. Sonra işim olduğu üçün həyətə düşdüm. Həyətdə olanda atəş səsi eşitdim. Birinci atəşdən sonra 3-4 atəş səsi daha eşitdim. Polis olduğum üçün qaçaraq küçəyə çıxdım. Küçənin başına qədər getdim. Avtomobil yoluna qədər gedib dayandım. Daha sonra geri qayıdanda qarşımdan bir nəfər keçdi. Başında kapşon vardı. Əllərini cibinə qoymuşdu. Çox soyuqqanlı davranırdı. İri cüssəli bir nəfər idi. Yanımdan keçəndə yerə tüpürdü. Bu da mənim xoşuma gəlmədi. Çünki, küçədə yaşayan olsa məni tanıyıb salam verərdi. Çöndüm arxasınca baxanda belində boz çanta olduğunu gördüm. Mən heçnə bilmədim və evə geri döndüm. Daha sonra polis maşınlarının səsini eşitdim. Təzədən küçəyə çıxanda küçədə çoxlu polis var idi. Bu zaman nə baş verdiyini öyrəndim".

Daha sonra təqsirləndirilən şəxs Səbuhi Şirinovun evində axtarış zamanı iştirak edən hal şahidləri ifadə verib. Onlar evdə aparılan axtarış zamanı dini kitabların və 15 min manat pul məbləğinin aşkar edildiyinə şahidlik ediblər.

Sonda iş üzrə şahid qismində İslam Zeynalov ifadə verib. O hal şahidi yox, səs şahidi olduğunu deyib:

"1994-cü ildən hərbçi olmuşam. Həyətdə olanda 6-7 güllə səsi eşitdim. Səsin 7.62 kalibrli silaha aid olduğunu anladım. Güllələr tək-tək atıldı. Neçə ildir hərbçi olduğum üçün səsin hansı kalibrli silaha aid olduğunu anladım".

Növbəti məhkəmə iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

# 2274
avatar

Oxşar yazılar