Mayın 13-14-də ABŞ-ın Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası sahəsində əldə olunmuş tərəqqinin dəyərləndirilməsi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 80-dən artıq dövlətin məsul nümayəndəsinin iştirak etdiyi bu mötəbər beynəlxalq tədbirdə Azərbaycanı daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Vilayət Eyvazov təmsil edib. İclası giriş sözü ilə BMT-nin Baş katibi Pan Gi Mun açaraq İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) qəbulundan keçən üç il müddətində bu istiqamətdə bəzi müsbət dəyişikliklərin baş verdiyini xatırlatmış, üzv dövlətlərin böyük əksəriyyətində müvafiq qanunvericiliyin mövcud olduğunu, müəyyən qismində isə insan alverçilərinə qarşı məhkəmələr tərəfindən çıxarılan hökmlərin sayının artdığını diqqətə çatdırıb. Açılış mərasimində BMT Baş Assambleyasının Prezidenti Vuk Yeremiç, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin icraçı direktoru Yuri Fedotov, insan alverinə qarşı mübarizə üzrə BMT-nin xoşməramlı səfiri xanım Mira Sorvino və digər rəsmi şəxslər çıxış edərək İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası və bu sahədə milli səviyyədə görülmüş işlərdən, eyni zamanda, problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, insan alverinin qarşısının alınmasının və bu növ cinayətlərə qarşı mübarizənin ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunmasının prioritet istiqamətlərindən biri olduğunu, dövlət orqanlarının problemin həlli ilə kompleks şəkildə məşğul olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan insan alverinə qarşı mübarizə üzrə beynəlxalq-hüquqi məkanın tərkib hissəsi kimi, BMT-nin bu sahəyə dair məlum konvensiyalarının tələblərinin icrası yönündə zəruri tədbirlər həyata keçirir. Milli səviyyədə əlaqədar orqanlar qarşısında konkret tapşırıqlar-insan alverini yaradan səbəb və şərtləri sistemli şəkildə öyrənmək, cinayətkarları ifşa edərək məsuliyyətə cəlb etmək, informasiya-təhlil işini gücləndirmək və inzibati təsir metodlarından səmərəli istifadə etmək məsələləri dayanır. Əsas vəzifələr sırasında pasport, viza və digər bu kimi sənədlərin qanunsuz hazırlanması ilə məşğul olan fiziki və hüquqi şəxslərin ifşa edilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlərin səmərəliyinin yüksəldilməsi də var.
Görüş zamanı insan alverinə qarşı birgə mübarizə aparılması məqsədilə müvafiq sahələrdə mütəmadi monitorinqlərin və maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. Səfir Luis CdeBaka geniş məlumata, onu maraqlandıran sualları ətraflı cavablandırdığına görə V.Eyvazova təşəkkür edib, əməkdaşlığın bütün sahələrində, o cümlədən insan alverinə qarşı mübarizədə əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.