Antalya-Bakı aviareysi ilə gələn Vüqar Əliyevin çantasından “beşbarmaq” aşkar olunaraq götürülüb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Azərbaycan vətəndaşı olan V. Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.
Həmin baqaja təkrar baxış zamanı çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” tapılıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.
Faktla bağlı təhqiqat aparılır.