Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
Agentlikdən Lent.az-a verilən məlumata görə, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları birlikdə həmin ərazidə yol kənarına baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-32) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.