Tərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb.
Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı, VAZ-21099 markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, VAZ-21214 markalı maşınla toqquşub.
Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.
VAZ-21214 markalı maşının sürücüsü Camalov Elməddin və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.