Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
26.12.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Ağcəbədi şəhər sakini Məmmədov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları Şoman Barman Çandra, Devan Muhammad Saladdin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşları Muradi Möhsün Əhməd oğlu, Muradi Nadir Kiomirzə oğlu saxlanılıblar.
Hadisə yerində sərhəd pozucularına məxsus «Maqneum» markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkar olunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.