Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində külli miqdarda əşyaların, qanunsuz olaraq qaz silahının Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları Niftiyev Adəm Abgül oğlu, Muxtarov Əşrəf Fikrət oğlu, Hüseynov Nazim Məhərrəm oğlu, habelə Rusiya Federasiyasının vətəndaşı Hüseynov Bayram Müzəffər oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, tamah məqsədilə Rusiya Federasiyası ərazisindən külli miqdarda əşyaları, eləcə də qanunsuz olaraq qaz silahlarını qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirib.
Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Adəm Niftiyevin və digərlərinin sifarişləri əsasında 2013-cü il fevralın 20-də Əşrəf Muxtarov Rusiyaya gedərək, Moskva şəhərində külli miqdarda pnevmatik tapança, siqnal və falş patron, fişəng atan qurğular, pistonlar, hava balonları, “Gietcher SVVB4” modelli pnevmatik revolver, elektroşoker, eləcə də “ŞOK” modelli qaz silahları olan aerozol qurğular almışdır. Əşrəf Muxtarov əldə etdiyi pnevmatik tapançaların bir hissəsi sonradan qrupun üzvü Nazim Hüseynov vasitəsilə qaçaq yolla Rusiyadan Azərbaycana keçirilərək Adəm Niftiyevə və digər sifarişçilərə çatdırılması üçün Mahaçqala şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan Ramazan adlı şəxsə təhvil verib. Əşrəf Muxtarov qaz və pnevmatik silahların, eləcə də digər ləvazimatların daha bir hissəsini yenidən qaçaq yolla Azərbaycan ərazisinə keçirilərək Adəm Niftiyevə çatdırılması üçün qrupun digər üzvü, əvvəlcədən 800 manat müqabilində ümumi razılığa gəldikləri Rusiya Federasiyasının vətəndaşı Bayram Hüseynova verib.
Cinayətin törədilmə planına uyğun olaraq, Nazim Hüseynov həmin pnevmatik tapançaları Mahaçqalada Ramazan adlı şəxsdən götürüb və qaçaq yolla Azərbaycan ərazisinə keçirmək üçün özünə məxsus «Mersedes-Benz» markalı sərnişin avtobusunun salonunda gizlədib. Qrupun digər üzvü Bayram Hüseynov isə qeyd olunan pnevmatik silahları, müxtəlif əşyaları və qanunsuz olaraq qaz silahlarını idarə etdiyi “Qaz 2705" markalı, Rusiya Federasiyasına aid avtomaşının salonunda və yük hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerlərində gizlədib.
Beləliklə, 2013-cü ilin mart ayında Nazim Hüseynov idarə etdiyi “Mersedes-Benz” markalı sərnişin avtobusunda gizlətdiyi pnevmatik tapançaları, Bayram Hüseynov isə idarə etdiyi “Qaz 2705” markalı yük avtomaşınında gizlətdiyi külli miqdarda pnevmatik və qaz silahları, eləcə də müxtəlif əşyaları “Samur” gömrük buraxılış məntəqəsindən gizli olaraq Azərbaycan ərazisinə gətiriblər. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Nazim Hüseynovun idarə etdiyi “Mersedes-Benz” markalı sərnişin avtobusu və Bayram Hüseynovun idarə etdiyi “Qaz 2705” markalı yük avtomobili saxlanılıb. Məhkəmənin müvafiq qərarı əsasında və hal şahidlərinin, eləcə də Nazim Hüseynovun və Bayram Hüseynovun iştirakları ilə hər iki avtomaşına baxış keçirilib. Baxış zamanı avtobusun salonunda Nazim Hüseynova məxsus idman çantasının içərisində ümumi dəyəri külli miqdarda olan 4 ədəd, salonun sonunda döşəmənin alt hissəsində xüsusi hazırlanmış yerdə gizlədilmiş 16 ədəd pnevmatik tapança, Bayram Hüseynovun idarə etdiyi yük avtomobilinin salonunda oturacağın alt və söykənəcək hissələrində, həmçinin yük bölümünün yan divarlarının üzlüklərinin içərisində gizlədilmiş ümumi dəyəri külli miqdarda olan 17 ədəd pnevmatik tapança, 900 ədəd 12 kalibrli və 20 ədəd 16 kalibrli siqnal patronları, 300 ədəd siqnal patronları, 99 ədəd 15 mm fişəng atan qurğu, 9 min ədəd piston, 30 ədəd hava balonu, 1 ədəd “Gietcher SVVB4” modelli pnevmatik revolver, 6 ədəd falş-patron və 1 ədəd elektroşoker, eləcə də qanunsuz olaraq 5 ədəd “ŞOK” modelli qaz silahı olan aerozol qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 206.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq) 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə, satma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Adəm Niftiyev, Əşrəf Muxtarov, Nazim Hüseynov və Bayram Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.