Bakı Apelyasiya məhkəməsində Nailə Apayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, ötən il iyunun 17-də saat 15:00 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi ev 39, mənzil 51 ünvanda Nailə Apayeva yaşadığı evdə rəfiqəsi Lalə Vəliyeva ilə birlikdə nahar etdikdən sonra, sonuncu tənha olduğunu, onu heç kim anlamadığını, bu səbəbdən artıq yaşamaq istəmədiyini bildirərək, Nailə və qızını söyüb. Bundan hiddətlənən Apayeva aralarında baş vermiş mübahisə zamanı mənzilində olan çəkic və dəhrə ilə Vəliyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona, ümumilikdə 52 dəfə xəsarət yetirib. Lalə Vəliyeva kəskin qan itirmə nəticəsində hadisə yerində keçinib.
Məhkəmə prosesində Nailə Apayeva ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Lalə Vəliyeva onun rəfiqəsi olub. O, Laləni tanıyanda rəfiqəsi heç yerdə işləmirdi, insanlara faizlə pul verirdi. Lalənin psixoloji durumu yerində deyildi, onun əsəbi və qeyri adekvat olduğu hamıya məlum idi, həmişə evindəki problemlərdən danışırdı. Oğlu Fuad evdən 50.000 dollar oğurlayaraq narkomanlarla xərcləmişdi. Fuad
anasını şantaj edirdi, çünki Vəliyeva əxlaqsız həyat tərzi yaşayırdı. Əri Nazim Vəliyev də onunla boşanıb.
Əri 4 ay əvvəl rəsmi olaraq Səkinə Əliyeva soyadlı qadınla evlənib, bu isə Lalə Vəliyevaya pis təsir edib. Mərhum şahidlərin yanında söyləyib ki, əvvəlki ərinin arvadını öldürəcək. Hadisə günü Lalə Vəliyeva onun evinə nahara gəlib, özünə içki olaraq çaxır gətirib. Yemək zamanı içki içərək dərmanlar qəbul edib və ağlayaraq oğlundan, ərindən, ərinin yeni arvadından, sevgililərindən şikayət edib və yaşamaq istəmədiyini deyib. Lalə bildirib ki, öncə ərinin arvadı Səkinəni öldürəcək, sonra isə özünə qəsd edəcək. Yeməkdən sonra içkili vəziyyətdə evindəki istilik sistemi olan kombinin yanında yerdə olan alətlərdən baltanı alaraq boğaz nahiyəsinə 2 zərbə vurub. Nailə gördüklərindən şoka düşüb və dərhal ona bint gətirib və qorxa-qorxa bintlə onun boğazını sarımağa çalışıb. Həmin an Lalə onu yerə yıxaraq çəkiclə vurmağa başlayıb. Çarəsiz anda çəkici onun əlindən alan Nailə Lalənin başına bir zərbə endirib.
Nəticədə, mərhumə çoxlu qan itirib və ona görə keçinib. Apayeva bildirib ki, Vəliyeva öz evində onun həyatını məhv edib.
Sonda təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, onun barəsində CM-nin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri aşmaqla adam öldürmə) maddəsi ilə hökm çıxararaq onu həbsdən azad etsinlər, əks halda, o, özünə qəsd edəcək.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Fuad Vəliyev bildirib ki, ayın 17-də saat 16:30-da anasının telefonundan ona sms gəlib və orda yazılıb ki “mən dostlarımla üç günlük rayona gedirəm, telefonun adaptorunu evdə unutmuşam, telefonun zaryadkası azdır”. Sms aldıqdan sonra o, anasına “başın işləyir?” sözləri ilə cavab yazıb və “bəli” cavabını alıb. Bundan sonra o, anasının telefonuna zəng edib, lakin telefonun bağlı olduğunu görüb. Axşam işdən çıxaraq evə gedib, təxminən bir saat sonra Nəsimi RPİ-nin əməkdaşları ona zəng edərək hadisə barədə məlumat veriblər.
İş üzrə 4 nəfər şahid dindirilib.
Məhkəmənin hökmü ilə Nailə Apayeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkum qadın hökmdən apelyasiya şikayəti verərək bəraət çıxarılmasını xahiş etsə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.K.