Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Tailandın Azərbaycandakı (iqamətgahı Ankara olmaqla) səfiri Tarit Çarunqvat ilə görüşüb.
Lent.az-ın məlumatına görə, o, görüş zamanı səfirə Azərbaycanla bağlı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Taliandin səfiri Tarit Çarunqvata Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, Azərbaycan xalqı Tailandın bu məsələlərdə Azərbaycana daha çox dəstək verəcəyini gözləyir.
"Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm veririk" - deyən Tailand səfiri Tarit Çarunqvat deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal xanımlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək.
Səfir millət vəkili Q.Paşayevanın yaxın günlərdə ölkəsinə səfər edəcəyindən və bir sıra vacib görüşlər keçirməklə yanaşı Tailandla geniş tanış ola biləcəyində məmuniyyət duyduğunu deyib. Q.Paşayeva isə deyib ki, Tailandda çoxsaylı görüşlər keçirib Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu gözəl ölkəni daha geniş tanımaq da istəyir. Çünki bu ona Tailandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir. Tailand səfiri ölkəsini Azərbaycanda daha geniş tanıdacaq belə bir kitab və layihə üçün millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib.
Millət vəkili Tailandda da Azərbaycanı daha geniş tanıdacaq bir kitaba ehtiyac olduğunu deyərək bu istiqamətdə də təkliflərini səsləndirib və geniş fikir mübadiləsi aparılıb.