Manatın məzənnəsində edilən dəyişiklikdən sonra görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
“Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır” deyə prezident bildirib.
Ölkə başçısı qeyd edib ki, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz hal idi: “Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmayıb”.
Prezident bildirib ki, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsi daxildə istehsal olunur. Həmçinin istehlak bazarına nəzarət gücləndirilib, möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılıb.
“Biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi. Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərib”.
Prezident bildirib ki, Azərbaycan milli valyutanın devalvasiyaya uğradığı yeganə ölkə deyil: “İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir: Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Sadəcə olaraq mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm”.
Prezident bildirib ki, Azərbaycanda məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir: “ Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır”.