Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda S. Nəbiyevin vəkili Ceyhun Yusifov çıxış edib. O, məhkəmə istintaqının təzələnməsini məhkəmədən xahiş edib. Bildirib ki, Əlikram Camalova məhkəmədə verdikləri suallara tam cavab ala bilməyiblər: "O, hacı adamdır. Pulu faizə verib, lakin məhkəmədə borca verdiyini deyir. Əlikram Camalov dedi ki, gəlib təsərrüfatımda hamısı işləsin. Mən də dedim heç olmasa bir nəfər kənarda qalsın, özlərinin ev-eşiyi var. Sonradan müddəti artırdı və razılıq əldə olunmadı".
Hakimlər istintaqın təzələnməsinə ehtiyac olmadığını deyiblər və Samir Nəbiyevə son sözlə çıxış etmək təklif edilib.
S. Nəbiyev çıxışa hazır olmadığı üçün proses avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və unun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.