"Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədlinin qızı Nuray Məmmədliyə polis bölməsində zorakılıq edilib.
Bu barədə Lent.az-a Elçin Məmmədli məlumat verib. O, bildirib ki, hadisə dünən saat 19.50 radələrində R.Behbudov və 28 may küçələrinin kəsişməsində baş verib. “Belə ki, naməlum qadın sürücü küçədən ötənlərin gözü qarşısında hücum çəkərək qızıma heç bir səbəb olmadan ağır söyüşlərlə təhqir etməyə, maşınını təpikləməyə başlayıb və öldürəcəyi ilə hədələyib. Ətrafda olan taksi sürücüləri də bu mənzərənin şahidi olublar. Qəflətən baş verənlərdən qorxub həyəcanlanan Nuray ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə sığınıb. Növbətçi polisə baş verənləri nəql edən zaman isə ora rütbəsini yadında saxlamadığı başqa bir polis zabiti yaxınlaşıb, qızıma qarşı olduqca kobud və təhqiramiz rəftar göstərib”.
Jurnalist bildirib ki, qızı olanlarla bağlı polisin 102 xidmətinə zəng vurmaq istəyib. “Bu zaman həmin polis zabiti Nurayın üzərinə şığıyaraq təhqiramiz ifadələrlə əlindəki telefonu qapıb alaraq, yerə çırpıb. Polis zabiti telefonu yerə çırpıb qızımı təhqir etdikdən sonra da sakitləşməyib və onu tutub möhkəm silkələyərək divara çırpıb. Bu zaman Nuray zərbənin təsirindən huşunu itirərək yerə yıxılıb. Vəziyyətin pis olduğunu görən polis əməkdaşları “103” xidmətinə zəng edərək Təcili Yardım çağırıblar. Nuray huşsuz vəziyyətdə “Semaşko” xəstəxanasına yerləşdirilib".
Məsələ ilə bağlı münasibət öyrənmək üçün əlaqə saxladığımız Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı ərazi polis bölməsinə və Daxili İşlər Nazirliyinə müraciət edildikdən sonra araşdırma aparılacaq və iddia müvafiq həllini tapacaq.