Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Bəşirov Fəyaz Süleyman oğlunun yanına görüşə gəlmiş qardaşı Xırdalan şəhər sakini Hüseynov Ramiz Süleyman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan qəndin arasında siqaret kağızına bükülərək xüsusi üsulla gizlədilmiş 0,222 qram narkotik maddə - marixuana aşkarlanıb.