Daxili İşlər Nazirliyi ölkə ərazisində baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, dekabrın 29-da saat 11 radələrində Bərdə rayonunun Hacalı kəndində Ağcabədi rayon sakinləri Hüseyn Cəfərovun idarə etdiyi “QAZ-3302” və Samir Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. S.Bayramov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, S.Bayramov orada ölüb.
Oxşar hadisə Ağdaşda da baş verib. Dekabrın 29-da saat 18 radələrində Ağdaş şəhərində rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub. Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
Bundan başqa dekabrın 29-da saat 22 radələrində Xaçmaz rayonunun Sabiroba kəndində rayon sakini Süleyman Nəcəfovun idarə etdiyi “VAZ-21074” və Rusiya Federasiyası vətəndaşı Yusub Kamilovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə S.Nəcəfovun sərnişinlərindən həmkəndlisi Orxan Muradov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.