Vətəndaşlara ev almaq adı ilə 200 min manatdan çox pul mənimsəmədə təqsirləndirilən "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Sərvər Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmişlərin qaldırdığı mülki iddia təmin edilib.
Qeyd edək ki, "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui istifadə edərək 210 min manat məbləğində dələduzluq edib. İş üzrə iki zərərçəkən var. Onlara nə istintaq dövründə nə məhkəmə də dəymiş zərər ödənilməyib.
Sərvər Şeyxov bundan qabaq da dələduzluq əməli ilə məhkumluq yaşayıb.
Belə ki, "Şatl” MMC-nin təsisçisi və rəhbəri olan Sərvər Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Məlumata görə, S. Şeyxov dəfələrlə vergi və bank borcları ilə bağlı məhkəməyə verilib. Lakin o borcları ödəməkdən boyun qaçırdığı üçün 2015-ci ildə barəsində axtarış elan edilib.