Yaxud, Ali Məhkəmə polkovnikin barəsində çıxarılmış hökmü niyə ləğv etdi?
Ali Məhkəmənin Hərbi Kollegiyasında maraqlı bir məhkəmə prosesi gedir. Redaksiyamıza bu işlə bağlı daxil olmuş materialları araşdıranda məlum oldu ki, birinci instansiya məhkəmələrinin çıxardığı qərar o qədər diqqət çəkən olub ki, Ali Məhkəmə işi yenidən Apellyasiya Məhkəməsinə göndərib. Hərbi hissə komandiri vəzifəsində çalışan polkovnik Elxan Hüseynov barəsində eyni zamanda iki məhkəmə prosesi gedir. Məhkəmə tarixində eyni adam və eyni iş barəsində iki ayrı icraatın aparılması halına rastlaşmaq o qədər də asan deyil. Ən maraqlısı da budur ki, polkovnik barəsində iki ayrı məhkəmədə ayrı-ayrı hökm çıxarıb. Məhkəmənin biri 6, o birisi isə 4 il müddətində azadlıqdan məhrum etmə cəzası verir. Qanuna əsasən polkovnik barəsində bu hökmlərdə səslənən cəzaların ən yüksəyi seçilməklə cəza müddəti təyin olunmalıydı. Lakin nədənsə belə qərara gəliblər ki, bu cəzalar sadə riyazi qaydada toplansın (?-red.) və polkovnik 10 il müddətində həbs edilsin...
Söhbət Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisindəki N saylı hərbi hissədə baş verən intihar hadisəsindən gedir.
...2006-cı il oktyabrın 12-də əsgər Teymur İsmayılov gecə saat 2-də hərbi hissənin idman meydançasında dartınmaq üçün nəzərdə tutulan idman qurğusundan kəndirlə özünü asaraq, öldürür. Bu hadisədən sonra cinayət işi açılır və bir neçə şəxs həbs olunur, o cümlədən də polkovnik Hüseynov.
Dosye:
Hüseynov Elxan Camaləddin oğlu 24 yanvar 1964-cü ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub, 1986-cı ildə Ali Hərbi məktəbi bitirdikdən sonra Rusiyada sovet ordusunda hərbi xidmət keçib. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Azərbaycana qayıdaraq, Azərbaycan Milli Ordusunun sıralarında zabit kimi hərbi xidmətini davam etdirib. Müxtəlif vəzifələr tutub, briqada komandiri vəzifəsinə və polkovnik rütbəsinə kimi bir yol keçib. Hərbi xidmətdə olduğu bütün müddət ərzində demək olar ki, ön cəbhədə olub. Nümunəvi qulluğuna görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunub. Evlidir, ali məktəbdə təhsil alan iki oğlu var. Əvvəllər məhkum olunmayıb.
Polkovnikin hüquqlarını müdafiə edən vəkil Adil İsmayılov intihar hadisəsi ilə bağlı Lent.az-a maraqlı məlumatlar verdi. O, bildirdi ki, 2006-cı ilin sentyabr ayının 25-də hərbi hissdə qulluq edən əsgərlər İsmayılov Teymur və Amanov Ramil spirtli içki içdiklərinə görə hərbi hissənin əməliyyat növbətçisi Zahid Hüseynov tərəfindən saxlanılıb. Səhər bu barədə hərbi hissənin komandiri Elxan Hüseynova məruzə edilib. Hüseynov Amanovun ön xəttə göndərilməsi barədə əmr verib. Əsgər İsmayılov Teymur isə Hüseynovun əmrinə əsasən hərbi hissənin əməliyyat növbətçisinin nəzarətinə verilib. Nizamnamədə belə cəza növü olmasa da Elxan Hüseynov bunu əsgərin psixoloji durumu, rusdilli olması və nəhayət, onun əmisi ilə yaxın münasibətləri olması ilə izah edib.
10 oktyabr 2006-cı il tarixdə E.Hüseynov əsgər Teymur İsmayılovun qərargahın içərisində mobil telefonla danışmasını görüb, telefonu ondan alıb və ona 5 sutka həbs cəzası verib. Bundan bir gün sonra - oktyabr ayının 11-dən 12-nə keçən gecə təxminən saat 2 radələrində Teymur İsmayılov hərbi hissənin idman meydançasındakı turnikdən özünü asaraq intihar edib. Fakta görə Qarabağ hərbi prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. 2006-cı il dekabr ayının 27-də cinayət işi istintaqın davam etdirilməsi üçün Hərbi Prokurorluğa göndərilir.
Vəkil deyir ki, iki gün sonra - dekabrın 29-da heç bir əsas olmadan, heç bir istintaq hərəkəti aparmadan E.Hüseynov CM-nin 125 və 331.3-cü maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. 16 yanvar 2007-ci il tarixdə Apellyasiya Məhkəməsi E.Hüseynovun müdafiəçisinin şikayəti əsasında onun həbs edilməsi barədə məhkəmə qərarını ləğv edib, həbsdən buraxır. Qərarda qeyd olunur ki, cinayət işinin materiallarında E.Hüseynova ittiham elan edilməsi üçün əsas yoxdur.
Vəkilin sözlərinə görə, E.Hüseynovun həbsdən azad edilməsi Hərbi Prokurorluğu qane etməyib. 30 yanvar 2007-ci il tarixdə E.Hüseynova CM-nin 125, 311.3.2, 331.3 və 341.3-cü maddələri ilə əlavə ittiham irəli sürərək, onun həbs edilməsi üçün məhkəməyə təqdimat göndərilib və məhkəmənin qərarı ilə o, yenidən həbs edilib. Adil İsmayılov istintaqın qərəzli və qeyri-obyektiv aparıldığını bildirir. 29 avqust 2007-ci ildə cinayət işini CM-nin 125, 311.3.1, 311.3.2, 331.3 və 341.1-ci maddələri ilə məhkəməyə verirlər. Məhkəmə də həmin maddələrlə ittiham hökmü çıxarır.
E.Hüseynovun təqsiri ittihamnamədə aşağıdakı kimi göstərilir: “...öz qulluq mövqeyindən tamahkarlıq məqsədilə və digər şəxsi marağa görə müntəzəm sui-istifadə etməklə Azərbaycan Silahlı qüvvələrinə əhəmiyyətli zərər vurub, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsləri döyüb, xidməti cəhətdən ondan asılı olan zərərçəkmiş şəxslə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırıb, şəxsi marağa görə hakimiyyətdən qəsdən istifadə etməməklə cinayət faktını gizlədib, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində xidməti vəzifəsinin icrası ilə əlaqədar hərəkətlərə görə vasitəçidən istifadə etməklə özü üçün maddi neməti təkrar rüşvət alıb”.
Vəkil hesab edir ki, E.Hüseynovun əməlində faktiki olaraq cinayət tərkibi olmadığı halda apelyasiya məhkəməsi uydurma cinayət modeli yaradıb, cinayət təqibi ilə bağlı olan bütün halları hərtərəfli, tam və obyektiv araşdırmadan onun barəsində ədalətsiz, qanunsuz və əsassız hökm və qərar çıxarıb.
Vəkil qeyd edir ki, birinci instansiya məhkəməsində tərcüməçi qismində iştirak etmiş Toğrul Bağırov sonra iclasa məhkəmə katibi kimi qatılıb. Qanun buna icazə vermir. Bu məsələ Apellyasiya məhkəməsində qaldırılsa da məhkəmə vəsatəti təmin etmir.
Vəkilin sözlərinə görə, cinayət işinin materiallarından görünür ki, E.Hüseynovun rüşvət almaqda ittiham olunmasının əsasında bu iş üzrə məhkum olunan Həşimov Rufulla və Alıyev Elşənin ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdikləri ziddiyyətli ifadələr durur. Apellyasiya məhkəməsində hər iki şəxs həmin ifadələrindən imtina edərək, bu ifadələrin prokurorluğun təsir və təzyiqi altında verildiyini, E.Hüseynova rüşvət vermədiklərini göstəriblər.
Adil İsmayılovun sözlərinə görə, məhkumların müstəntiq tərəfindən E.Hüseynov barəsində ifadə alınarkən onlara təzyiq və təsir edilməsi barədə ifadələri Apellyasiya Məhkəməsində cinayət işinin materialları ilə obyektiv olaraq təsdiq olunmaqla yanaşı, onlar bu ifadələrini məhkəməyə şahid qismində dəvət edilmiş müstəntiq Fəxrəddin Qəhrəmanovla üzləşdirmə zamanı da təsdiq etdilər. Müstəntiq Qəhrəmanov məhkəmədə qarşısına qoyulan heç bir sualı axıracan izah edə bilməyib: “Çünki bu halda Qəhrəmanov məhkumların istintaqda onlara təzyiq olunması barədə dediklərini və istintaqın qərəzli aparılmasını təsdiq etməli idi”.
Cinayət işinin materiallarında xeyli “könüllü ərizələr” olub. Vəkil deyir ki, bu ərizələr və onların əsasında aparılmış dindirmələr Teymur İsmayılovun özünü öldürmə dərəcəsinə çatdırılması faktına görə başlanmış 16/36225 saylı cinayət işi üzrə alınıb. Bu iş 29 yanvar 2007-ci il tarixdə N saylı hərbi hissənin vəzifəli şəxsləri barəsində başlanmış 16/36240 saylı cinayət işinə birləşdirilib və bu nömrə ilə istintaq davam etdirilib. Əsgərin özünü öldürmə dərəcəsinə çatdırılması faktına görə başlanmış cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda bu iş üzrə ərizələrin alınması və dindirmələrin aparılması vəkil tərəfindən kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir.
Vəkil onu da vurğulayır ki, istintaq orqanı məhkəmə prosesində də təqsirləndirilən şəxslərə təsir etmək, onların məhkəmədə doğru ifadə verməsinin qarşısını almaq və Hüseynovun barəsində verdikləri yalan ifadələri təsdiq etmələrinə nail olmaq məqsədi ilə Alıyevin komandiri olduğu taborun daha 4 nəfər əsgərindən rüşvət alınması faktı onlara məlum olmasına baxmayaraq bu faktı bilərəkdən gizlədib. Həmin faktla əlaqədar cinayət işi avqust ayının 23-də Qarabağ hərbi prokurorluğundan respublika hərbi prokurorluğuna daxil olub və müstəntiq Natiq Həsənov tərəfindən 28 avqust 2007-ci il tarixdə icraata qəbul edilib.
Vəkil hesab edir ki, E.Hüseynovun barəsində çıxarılmış ittiham hökmü və Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmənin qərarına əsasən E.Hüseynov hərbi rütbədən məhrum edilib. Vəkil bunu tam qanunsuz hesab edir.
Təbii ki, bu qədər qanunsuzluqlara Ali Məhkəmə göz yuma bilməzdi. Kassasiya qaydasında verilən şikayət təmin olunub. Əvvəlki məhkəmə qərarları ləğv edilib, işə yenidən baxılır. Yeni məhkəmə prosesi hazırda davam edir.
Səbinə Əvəzqızı
Bir əsgərin intihar tarixçəsi
1613