Bələdiyyələrə dövlət sifarişləri veriləcək - QAYDA
09 yanvar 2013 11:25 (UTC +04:00)

Bələdiyyələrə dövlət sifarişləri veriləcək - QAYDA

Nazirlər Kabineti “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nı təsdiq edib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu qayda “Sosial xidmət haqqında”ı qanuna əsasən hazırlanıb və bu qanuna uyğun olaraq sosial xidmət sahəsində dövlət sifarişlərinin  bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi məsələlərini tənzimləyir.

 

Dövlət sifarişləri bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən bilavasitə həyata keçirilən sosial proqram, layihə və ya ayrı-ayrı tədbirlərdən ibarət olmaqla, sosial xidmət üzrə vəzifələrin yerinə yetirilməsinə yönəldilir. Dövlət sifarişləri müsabiqə əsasında verilir. Bu zaman sifarişçi qismində dövlət orqanı, icraçı qismində bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları çıxış edirlər. Dövlət sifarişlərinin verilməsi bu Qaydanın əlavəsinə uyğun olaraq tərəflər arasında bağlanılmış sosial xidmət sifarişi üzrə müqavilə ilə rəsmiləşdirilir.

Dövlət sifarişlərini verən dövlət orqanı:

- dövlət sifarişlərinin məqsədlərini, həyata keçirilmə şərtlərini müəyyən edir və dövlət sifarişinə ayrılacaq vəsaitin məbləğini hər il üzrə dövlət büdcəsinin tərtibi prosesində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırır;

- müsabiqə komissiyasını formalaşdırır;

- müsabiqənin əsas şərtlər toplusunu hazırlayır;

- müsabiqə komissiyası tərəfindən müsabiqənin əsas şərtlər toplusu və müsabiqənin elanı təsdiq edildikdən sonra müsabiqə elanını dərc etdirir;

- dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsini təmin edir;

- dövlət sifarişlərini həyata keçirəcək icraçı təşkilatla müqavilə bağlayır;

- dövlət sifarişlərinin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarət edir;

- müqavilənin şərtlərinin pozulması hallarında qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirir.

 

Dövlət sifarişləri üzrə müsabiqədə iştirak etmək istəyən bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları üçün əsas şərtlər aşağıdakılardır:

- müsabiqə elanında göstərilən sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşması;

- sifarişçi ilə bağlanmış müqavilənin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması;

- vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərinin olmaması.

Dövlət sifarişlərinin verilməsi ilə bağlı proseslərin təşkilində əsas prinsiplər aşağıdakılardır:

- bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının dövlət sifarişləri üzrə müsabiqədə iştirakının təmin edilməsi;

- qanunvericiliyə əməl olunması, proseslərin şəffaflığı;

- ədalətlilik və ayrı-seçkiliyin yolverilməzliyi;

- maraqlı tərəflərin məlumatlara bərabər çıxışının təmin olunması;

- sosial xidmət üzrə proqramların əhalinin rifah halının yaxşılaşmasına yönəldilməsi;

- sosial tərəfdaşlıq və əməkdaşlığın təmin olunması;

- sosial xidmətlərin göstərilməsi sahəsində  təsisatların təşəkkül tapması və inkişafı;

- sosial xidmətlərin və sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması və keyfiyyətin yüksəldilməsi.

 

- dövlət sifarişləri üzrə müsabiqələr qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Müsabiqənin keçirilməsi üçün sosial xidmət üzrə sifarişlərin profilinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Təhsil Nazirliyində, Səhiyyə Nazirliyində və yerli icra hakimiyyəti orqanlarında müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibinə müvafiq dövlət orqanının mütəxəssisləri daxil edilirlər. Digər mərkəzi icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyəti və bələdiyyələrə maraqlı olan məsələlərə baxıldıqda, onların nümayəndələri komissiyanın iclaslarına dəvət edilirlər. Komissiyanın sədri dövlət orqanının vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur. Komissiyanın tərkibini və iş qaydasını  dövlət sifarişini verən  dövlət orqanının rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir.

Komissiyanın  iş qaydası  və əsas vəzifələri

- Komissiya öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır. 

- Müsabiqə prosedurları zamanı və müsabiqənin nəticələrinə dair qərar çıxarılarkən komissiya üzvlərinin azı dörddəüçü iştirak etməlidir. Komissiyanın qərarları yığıncaqda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə komissiya sədrinin səsi həlledici hesab olunur. Qərar komissiyanın bütün üzvləri tərəfindən imzalanır.

Komissiya müsabiqənin nəticələrinə dair qərarın qəbulu məqsədi ilə keçirdiyi iclaslara ekspertləri və sifariş verən orqanın səsvermə hüququ olmayan digər nümayəndələrini dəvət edə bilər. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

- komissiyanın fəaliyyətində tam aşkarlığı təmin etmək;

- dövlət sifarişləri üzrə müsabiqəyə təqdim olunmuş təkliflərin qiymətləndirilməsinin obyektiv  meyarlarını hazırlamaq;

- sifarişçi tərəflə müsabiqə şərtlərini razılaşdırmaq;

- müsabiqənin nəticələrinin dərc olunmasını təmin etmək.

 

Müsabiqə başlayanadək komissiya tərəfindən müsabiqə haqqında məlumat hazırlanır və  həmin məlumatlar kütləvi informasiya vasitələrində, ərazi üzrə yerli kütləvi informasiya vasitələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin  rəsmi internet saytında, həmçinin müsabiqənin keçiriləcəyi dövlət orqanının inzibati binasının qarşısında yerləşən elan lövhəsində aşağıdakılar göstərilməklə dərc olunur:

- maliyyələşdiriləcək layihənin texniki icmalı, məqsədi və fəaliyyət dairəsi; 

- uyğun namizədlərin təsviri;                                                                                  

- müsabiqədə iştirak etmək üçün təqdim ediləcək sənədlərin siyahısı, bu sənədlərə aid tələblər;                                                                 

- müsabiqədə iştirak etmək üçün qeydiyyatın başlanma və başaçatma vaxtı, həmçinin müsabiqənin keçirilmə tarixi və yeri;                                                                                               

- sənəd qəbulu məntəqələrinin ünvanı (otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);                       

Müsabiqə aşağıdakı qaydada keçirilir:

- maliyyələşdiriləcək layihənin  məqsədi, fəaliyyət istiqamətləri və bunlar üçün ayrılacaq vəsaitin məbləği komissiya üzvləri tərəfindən elan edilir;

- müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxil olduqları ardıcıllıqla açılır və təkliflərin qiymətləndirilməsi aparılır;

- qalib gəlmiş təklif elan edilir;

- müsabiqə başa çatdıqdan sonra, komissiya müsabiqənin yekunlarını protokollaşdırır. Protokol iclasda iştirak edən komissiya üzvlərinin tərkibi, müsabiqənin şərtləri, iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumat göstərilməklə, iki nüsxədə tərtib edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və təsdiq edilmək üçün dövlət orqanına təqdim olunur. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur. Müsabiqənin qalibi olmuş icraçı təşkilat müsabiqənin yekunları haqqında protokolu imzalamadıqda, müsabiqə baş tutmamış hesab olunur. Protokol  5 (beş) iş günü müddətində dövlət orqanı tərəfindən təsdiq edilir. Onun bir nüsxəsi müsabiqənin qalibinə təqdim olunur və dövlət sifarişləri üzrə  müqavilənin bağlanılması hüququnu təsdiq edən sənəd kimi qəbul edilir. Protokol dövlət orqanı tərəfindən təsdiq edildikdən sonra 20 (iyirmi) gündən və ya elanda göstərilən başqa müddətdən gec olmayaraq dövlət orqanı və icraçı təşkilat arasında dövlət sifarişləri üzrə bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, müqavilə bağlanılır.  Müqavilənin şərtləri, dövlət orqanı və icraçı təşkilatın (tərəflərin) hüquq və vəzifələri, həmçinin müqavilənin şərtlərinin pozulmasının nəticələri müqavilədə müəyyən edilir. Müsabiqənin yekunları haqqında məlumat kütləvi informasiya vasitələrində dərc edilir və dövlət orqanının rəsmi internet saytında yerləşdirilir. Müsabiqə baş tutmadıqda, komissiyanın iclasında onun təkrar keçirilməsi və keçirilmə müddətinin təyin edilməsi barədə qərar qəbul edilir.

Dövlət sifarişləri ilə bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti sifarişi verən orqan həyata keçirir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi və yaxud tam və keyfiyyətlə yerinə yetirilmədiyi halda sosial xidmət üzrə sifarişi verən orqan icraçıya qarşı sosial xidmət müqaviləsində nəzərdə tutulmuş sanksiyanın tətbiq olunmasına dair qərar qəbul edir. Dövlət sifarişlərinin  yerinə yetirilməsi ilə bağlı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi və ya maddi zərərin ödənilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr tərəfindən baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Oxşar yazılar