Fevralın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yol polisi ağır qəza törədib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumat görə, Nobel prospektində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 10 YP 582 nömrə nişanlı “BMW” markalı avtomobili piyadanı vurub. Hadisə Nobel prospekti 110 ünvanının qarşısında baş verib və ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən ölüb.
Araşdırmalarla müəyyən edilib ki, yol patrul xidmətinin əməkdaşı, polis serjantı Xəlilov Emin Rəfail oğlunun idarə etdiyi xidməti maşınla vurulan şəxs paytaxt sakini Həsənov Elxan Ağahəsən oğludur. Onun meyiti ailəsinə təhvil verilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
***
Bakı şəhər Prokurorluğundan Lent.az-a bildirilib ki, fakta görə Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.