Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin paytaxtın Nizami rayon ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin «Koroğlu» stansiyasının qarşısında 1989-cu il təvəllüdlü Məmmədov Fuad İlham oğlu idarə etdiyi «Mersedes Benz 180» markalı, «90-CV-823» dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, onun bacısı, 1993-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub. Baş vermiş hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölüb, digər zərərçəkmiş R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində şübhəli bilinən sürücü F.Məmmədov tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.