Azərbaycanın turizm şirkətləri «Türk Hava Yolları»na bilet satışını dayandırıb
12 fevral 2013 18:21 (UTC +04:00)

Azərbaycanın turizm şirkətləri «Türk Hava Yolları»na bilet satışını dayandırıb

Azərbaycanın turizm şirkətləri bu gündən etibarən «Türk Hava Yolları» (THY) aviaşirkətinin aviabiletlərini satışını dayandırıb.

 Yerli şirkətlər onlara THY-nın biletlərini almaq üçün müraciət edən müştərilərə bu şirkətin biletlərini satmadıqlarını bildirərək onlara digər aviaşirkətlərin alternativ reyslərinə bilet təklif edir. Bunun səbəbi Türkiyə aviaşirkətinin yerli turizm şirkətlərinə bilet satışına görə komissiya haqqı ödəməyi dayandırması ilə bağlıdır. Bu barədə qərar Azərbaycan Turizm Assosiasiyası (AzTA) üzvlərinin bu günlərdə keçirilən toplantısında qəbul edilib.

 

AzTA-nın icraçı direktoru Fərid Muqimzadə «APA-Economics»ə bildirib ki, dekabrın 1-dən THY şirkəti aviabiletlərin satışına görə yerli şirkətlərə komissiya haqlarının ödənilməsini dayandırıb və bunun əvəzində heç bir həvəsləndirici mexanizm (bonus proqramı) tətbiq etməyib. Halbuki, bir qədər əvvəl komissiyanı ləğv edən «Lufthansa» və «Austrian Airlines» aviaşirkətləri bunun müqabilində bonus proqramlarının tətbiqinə başlayıb. Türk şirkəti isə belə bir proqram tətbiq etməyib. Baxmayaraq ki, qonşu ölkələrdə komissiya haqlarının ödənilməsini davam etdirir».

 

Belə ki, «Türk Hava Yolları» aviabiletlərin satışı üçün Rusiya və Gürcüstanın turizm şirkətlərinə komissiya haqlarını ödəməkdə davam edir. Üstəlik, bəzi məlumatlara görə, 2013-cü ildən etibarən Rusiya şirkətlərinə ödənilən komissiya haqları 7%-dən 10%-ə qaldırılıb. Bu isə yerli turizm şirkətləri tərəfindən ayrı-seçkilik və ədalətsizlik kimi qiymətləndirilir: «Biz bilmək istəyirik ki, nəyə görə buna məhz Azərbaycandan başlanılıb. Çünki hazırda «Türk Hava Yolları» Bakıdan Türkiyəyə gündə 4 dəfə uçuş erinə yetirir və bunun bir səbəbi də yerli turizm şirkətlərinin dəstəyidir».

 

Komissiya haqlarının ləğvi və əlavə bonus proqramlarının tətbiq edilməməsi nəticəsində indi THY-nın aviabiletlərinin satışı turizm şirkətləri üçün iqtisadi baxımdan səmərəsizdir: «Əgər biletin satışından heç gəlir yoxdursa, onda biletlər niyə satılmalıdır?».

 

Yerli turizm şirkətlərinin türk aviasiya operatorunun Bakı nümayəndəliyindən digər ciddi narazılığı da odur ki, turoperatorlar THY-nın onlayn satılan biletlərini heç komissiya haqqı olmadan da sata bilmir. Nəticədə, hansısa müştəri səyahət paketi almaq istədikdə aviabileti ayrıca olaraq THY-nın saytından özü almalıdır. Bu, müştərilər üçün də böyük çətinliklər yaradır. Belə ki, heç də bütün müştərilər internetdən istifadə edib bileti onlayn rejimdə almağı bacarmır və buna görə də turizm şirkətlərinə müraciət edirlər.

 

Digər narazılıq ondan ibarətdir ki, bir qədər əvvəl «Türk Hava Yolları» bir neçə il əvvəl yol verilmiş pozuntulara görə yerli şirkətləri ciddi məbləğdə cərimə etməyə başlayıb. Nəticədə, 2009-2010-cu illərdə baş verdiyi iddia edilən pozuntulara görə bəzi yerli şirkətlər 6-10 min dollar məbləğində cərimələnib. Şirkətin Bakı nümayəndəliyindən digər narazılıq onun tərəfdaşlıq öhdəliklərinə əməl etməməsidir. Belə ki, aviaşirkət özünün endirim kampaniyaları barədə yerli turizm şirkətlərini xəbərdar etmədiyinə görə onlar öz müştəriləri qarşısında pis vəziyyətdə qalırlar: «Biz müştəriyə İstanbula adi qiymətlərlə bilet satırıq, sonradan isə məlum olur ki, «Türk Hava Yolları» endirimlərə  başlayıb. Müştərilər isə bunu bizim onları aldatmağımız kimi qiymətləndirir».

 

Turizm şirkətlərinin bununla bağlı THY-nın Bakı nümayəndəliyinə ünvanladığı etiraz məktubuna isə heç bir cavab verilməyib. Nəticədə, şirkətlər öz müraciətlərini «Türk Hava Yolları»nın mərkəzi ofisinə yönəldiblər və AzTA üzvü olan şirkətlərin toplantısında 3 gün ərzində THY-nın biletlərinin satışının dayandırılması qərara alınıb. Yerli şirkətlər xüsusi vurğulayır ki, onlar türk şirkətinin Bakı ofisinin rəhbərliyinin fəaliyyətindən narazıdırlar: «Biz istəmirik ki, ofis rəhbərinin fəaliyyəti nəticəsində turizm şirkətlərinin «Türk Hava Yolları» ilə münasibətləri korlansın».

 

«APA-Economics»in məsələ ilə bağlı «Türk Hava Yolları»nın Bakı ofisi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3256
avatar

Oxşar yazılar