Daxili İşlər Nazirliyi ölkədə baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hikmət Rəhimov münaqişə zəminində həmyerlisi Elsevər Əliyevə bıçaqla xəsarət yetirib. E.Əliyev hadisə yerində ölüb. H.Rəhimov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub.
Bundan başqa oktyabrın 4-də Tərtər rayon sakini, ruhi xəstə Qurban Nəsibov Cəmilli kəndində yaşadığı evdə münaqişə zəminində atası Xanbabaya və anası Nazlıya küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Xanbaba və Nazlı hadisə yerində ölüb. Tərtər RPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Q.Nəsibov tutulub.
Daha bir qətl hadisəsi Qusarda baş verib. Oktyabrın 4-də Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. R.Abdulrəhimov həmin evdə kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb hadisə yerini tərk edib. Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.