Aprelin 18-də Moldovanın paytaxtı Kişinyovda start götürəcək 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı üçün Azərbaycanın milli komandasının heyətin açıqlanıb. Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda ölkəmizi 6 oğlan, 6 qız idmançı təmsil edəcək.
Kişilərin mübarizəsinə Mikayıl Əliyev (54 kq), Məcid Sofiyev (58 kq), Səbuhi İsmayılzadə (63 kq), Hüseyn Mehralıyev (68 kq), Səid Quliyev (74 kq), Ramin Abdullayev (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhməlov (87 kq) qatılacaq. Qadınlardan isə Təranə Məmmədova (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağayeva (53 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq) çıxış edəcək.
Qeyd edək ki, millimiz qadınlardan ibarət komandamızın baş məşqçisi Gündüz Abdullayev, gənclərin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçilər Elnur Amanov və Təvəkkül Bayramovun rəhbərliyi altında qüvvəsini sınayacaq. ATF-nin vitse-prezidenti Nağı Səfərov yarışdan əvvəl Avropa Taekvondo İttifaqı İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. ATF-in digər vitse-prezidenti Niyaməddin Paşayev də Moldovaya gedəcək. Beynəlxalq dərəcəli hakim Elşad Məmmədov isə Avropa çempionatını idarə edənlər arasında olacaq.