Kanadanın Qubeec Siti bölgəsində baş tutan "G7" sammitində maraqlı olay baş verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zirvə görüşündə ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emanuel Makron və Kanadanın baş naziri Castin Trüdo arasında gərginlik pik həddə çatıb.
Gərginliyə səbəb Donald Trampın Avropa İttifaqı və Kanadaya tətbiq etdiyi gömrük vergisi olub. Qərb liderləri Ağ Ev rəhbərini yeni vergilərin azaldılması üçün razı salmağa çalışıb. ABŞ prezidenti isə bu barədə fikrində qəti olduğunu bildirib. Danışıqlar nəticəsiz başa çatıb. Tramp görüşü yarımçıq tərk edib.
Fransa prezidenti E.Makron isə Trampın gedişinə sərt münasibət sərgiləyib:
""G7" toplantısını "G6" toplantısı kimi də keçirə bilərik. Biz buna görə problem yaşamamalıyıq. Heç bir problem yoxdur".
Kanadanın baş naziri C.Trüdo isə "biz sülhsevər xalqıq amma heç kəs bizi təhqir edib, alçalda bilməz" ifadəsini işlədib və D.Trampın vergi siyasətinin qəbuledilməz olduğunu qeyd edib.
Tramp isə Kanadanın baş nazirini ikiüzlülükdə ittiham edib:
“Trüdo mən zaldan çıxdıqdan sonra vergi siyasətimiz barədə bir çox qərəzli fikirlər səsləndirib. Amma mənimlə mülayim danışmışdı bu barədə. Cənab baş nazir çox ikiüzlü adamdır”.