"Çovdarov dedi, 550 min dollar nazirə çatacaq" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
06 fevral 2017 18:37 (UTC +04:00)

"Çovdarov dedi, 550 min dollar nazirə çatacaq" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ

 

Günün ikinci yarısında davam edən proses haqqında vəkil Sadiq Rəsulov məlumat verib.

 

Lent.az-ın məlumatına görə, vəkil bildirib ki, məhkəmədə vəsatət qaldıraraq Çovdarov barəsində holter müayinəsi keçirilməsini istəyiblər: "Sonuncu dəfə Çovdarov barəsində holter müayinəsi 2016-cı ilin fevral ayında keçirilib. İşemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Çovdarov holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil".

 

Vəsatət təmin edilməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.

 

Günün ikinci yarısında Azercell "Telekom”un danışıq kartlarının topdansatışı biznesi ilə məşğul olan “Baktel” MMC şirkətinin sahibi Zaur İbrahimov ifadə verib.

 

O istintaqa verdiyi ifadəsini təsdiqləyərək Çovdarov və işçiləri tərəfindən ofisinə basqın edildiyini, zorla MTN-ə aparıldığını deyib. Daha sonra isə hədə-qorxu ilə ondan 525 min ABŞ dolları pul alınıb: "MTN-də Çovdarov bizimlə 1 saata yaxın “milli təhlükəsizliyin qorunması mövzusunda” söhbət apardı, bildirdi ki, mənim şirkətinin “Aytel” MMC-yə 550 min dollar borcu var. Sonra dedi ki, pul ödənilməlidir, Eldar Mahmudova çatacaq. Mən bildirdim ki, elə bir borcdan xəbərim yoxdur. Hədə-qorxu gəldi məcbur olub dostdan tanışdan yığıb pulu 525 min dollar verdim".

 

Çovdarov isə məhkəmədə bildirib ki,  həmin şəxsdən pul almayıb: "Zauru qəbul eləmişəm. Tanışım dostuydu. Söhbət apardıq. Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al".

 

Məhkəmə fevralın 8-də davam edəcək.

 

**

14:00

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

 

Proses haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

 

Məhkəmə Kürdəmir rayonunda yerləşən “Xatirə” restoranı epizodu üzrə davam edib.

 

Xatırladaq ki, ittiham aktına görə, Kürdəmir rayon Mollakənd rayonunda yerləşən Şeyman İmanova məxsus "Xatirə" restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.

 

Çovdarov isə həmin epizodu qəbul etmir. Hətta ötən proses müstəntiqin həmin epizodu cinayət işindən çıxartması müqabilində ondan və oğlundan 100 min manat rüşvət tələb etdiyini demişdi.

 

Prosesdə Kürdəmir rayon sabiq icra hakiminin aqrar məsələlər üzrə müavini olmuş  Əşrəf Rzayev ifadə verib.

 

Əşrəf Rzayev istintaqa verdiyi ifadəni təsdiqləyib. Bildirib ki, icra başçısı onu yanına çağıraraq torpaqla bağlı sənədləşmə aparmasını tapşırıb: "Yanına getdim, dedi, torpaq var onu sənədləşdirmək lazımdır. Mən də torpaq komitəsi ilə baxdım ki, həmin yer boşdur. Biz də sənədləşdirdik".

 

Daha sonra prosesdə şahid qismində Kürdəmir rayon bələdiyyə sədri olmuş, hazırda müəllim işləyən Mətləb Rzayev dindirilib. O da istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, həmin torpaq onlara məxsus olub: "Torpaq bizim idi. İcra Hakimiyyətinin Əşrəf və Gülbala adlı işçisi gəlib bildirdi ki,  həmin torpağı vermək lazımdır. İlk öncə razılaşmadıq. Daha sonra icra hakimiyyətinin işçiləri hədə-qorxuya keçdilər. Məcbur olub həmin torpaqdan imtina etdik".

 

Hər iki şahid Çovdarovu görmədiklərini bildiriblər.

 

Proses nahardan sonra davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Səlcuq Elçin

Oxşar yazılar