Nardaran hadisələrinə görə təqsirləndirilənlər məhkəmədə ifadə verib - YENİLƏNİB
03 avqust 2016 17:40 (UTC +04:00)

Nardaran hadisələrinə görə təqsirləndirilənlər məhkəmədə ifadə verib - YENİLƏNİB

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseyn ifadə verib.

 

O ifadəsində özünü təqsirli bilmədiyini deyib. A. Hüseyn dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

 

 Proses avqustun 4-də davam etdiriləcək.

 

**

15:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilməyiblər.

 

T. Bağırzadə ifadəsində ittihamla özünü təqsirli bilmədiyini, heç bir silahlı dəstə yaratmadığını və zorakılıq niyyətində olmadığını deyib.

 

O, ifadəsində rəhbəri olduğu Müsəlman Birliyi Hərəkatı haqqında da danışıb və bu birliyin heç bir xarici dövlətdən maliyyələşmədiyini deyib.

 

 

T. Bağırzadə dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

 

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

 

 

Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

# 188
avatar

APA Baycan

Oxşar yazılar