Bir itin güdazına gedənlər:[b] Biri qəbrə, digəri həbsə [/b]- MƏHKƏMƏ ZALINDAN
01 oktyabr 2015 16:28 (UTC +04:00)

Bir itin güdazına gedənlər:[b] Biri qəbrə, digəri həbsə [/b]- MƏHKƏMƏ ZALINDAN

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sahil” bağında qətl törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Təqsirləndirilən Elçin Çobanov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

 

O, məhkəmədə sərbəst ifadə verərək bildirib ki, Həsən Həsənovu öldürmək niyyətində olmayıb. “ Yanvar ayının 6-da 18:40 radələriydi. Həyat yoldaşım Azərbaycan Perdaqoji Universitetin tələbəsidir. Onun dalınca getmişdim. Yoldaşım və 3 rəfiqəsi axsam hava qaraldığına görə, mənimlə birgəydi. Qızlar qabaqda gedirdi. Mən isə onlardan beş-altı addım geridə. “Sahil” bağında köşkün yanından keçəndə qabaqdan idmançı görkəmində iki oğlan gəlirdi. Onlar it gəzdirirdilər. İt qızlarının yanından keçəndə hürməyə başladı. Qızlar qorxdular. İt gəzdirənlərdən biri Həsən Həsənov qızlara “qorxmayın dişləmir” deyərək güldü. Qızlar yollarını davam elədi. Mən isə həmin uşaqlara yaxınlaşdım.  Orada Həsən Həsənov  və Orxan Məmmədzadə ilə söhbət elədim. Dedim ki, bu iti bir az möhkəmə saxlayın ki, camaatın üstünə cummasın. İtin ağzında ağızlıq da yox idi deyə, etirazımı bildirdim. Onlar mənimlə mübahisə eləməyə başladı. İlk öncə Orxan belində idman çantası yerə qoyub mənimlə söyüşlə danışdı. Mən onlardan nömrələrini istədim ki, indi yanımda adam var, sonra görüşək, bu məsələni yoluna qoyaq. Onlar nömrə vermək əvəzinə söyüşü davam etdirdilər. Həsən və Orxan məni itələyə-itələyə qırağa çəkirdilər. Dalınca mənim ayağıma, sinəmə yumruqlar endirdilər. Cibimdəki 3 barmaq bıçağı çıxarıb onları qorxuzmaq istədim. Amma özüm də bilmədən birinci Orxana 2 zərbə vurdum, dalınca Həsənə 1 zərbə endirdim. Onları sadəcə qorxutmaq istədim. Hər ikisi idmançıydı, gücüm çatmırdı. İti də üstümə hürdürürdülər. Mənim özüm dülgərəm. Cibimdə bıçaq, metrə və karandaş olur. Həmin bıçağı da elə ona görə götürmüşdüm. Mənim onları öldürmək kimi bir niyyətim olmayıb. Bu yaşıma qədər heç bir qanunsuz hərəkət eləmişəm.  Şoka düşdüm. Hadisə yerindən qaçdım. Axşamı Həsənin öldüyünü eşitdim, dərhal polisə gedib özüm təslim olmuşam. Bıçağı da dediyim kimi, şokdaydım, hara tullamışamsa tapa bilmədik. Möhtərəm hakimlər yenə deyirəm, mənim öldürmək kimi niyyətim olmayıb”.

 

Təqsirləndirilən şəxs ifadəsindən sonra hakim və dövlət ittihamçısının suallarını cavablandırıb.

 

Elçin Çobanovdan sonra Həsən Həsənovun anası Sevda Həsənova  ifadə verib. O, ifadəsində hadisədən gecə saatlarında xəbər tutduğunu bildirib: “ Mənim oğlum çox tərbiyəli, əxlaqlı idi. Heç kimlə işi olmazdı. Həmin gün qohumumuz Viktoriya İmamverdiyevanın itini gəzdirməyə getmişdi.  Viktoriyanın 3 iti var. İkisi böyük, biri balaca.  Həsən həmin gün balaca iti gəzdirməyə çıxarmışdı.  Sanki, ürəyimə nəsə danmışdı. Həmin gün ürəyim sıxılırdı. Gecə evə zəng gəldi, dedilər, Həsəngilin evidi. Dedim bəli, sonra heç nə demədilər. Üstündən bir müddət keçəndən sonra Səbail rayonu 39-cu bölməsindən zəng gəldi. Dəstəyi götürdüm. Dedilər dava olub və başınız sağ olsun! Bir an dünya başıma yıxıldı. Bilmədim sonrasını. Qonşular sonradan mənə dedilər ki, polislər gəlmişdi, evə baxıb getdilər. Möhtərəm hakimlər, mən sizə inanıram, Mənim gözümün qarası bir oğlum vardı, indi yoxdur. Siz gözü yaşlı qalmış ananın ahının yerdə qoymayın. Bu işə ədalətli baxın”.

 

Mərhumun anasından sonra hadisədə zərərçəkən Orxan Məmmədzadə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsin yalan danışdığını bildirib.

 

“Biz Həsənlə 3 ildən artıqdır ki, dostluq edirik. Mən peşəkar boksçuyam. Həsən də qaydasız döyüşlə məşğul olub. Biz həm bir yerdə işləmişik. Yarışımla əlaqədar işdən çıxmışdım. Həsənlə vaxt olduqca görüşdürdük. Həsən də bizlə məşq eləmək istədiyini demişdi. Mən müəllimlə danışmışdım, razılaşmışdı. Hadisə olan günü, “Sahil” bağında görüşdük. İdmanla bağlı danışırdıq. Həsən qohumunun itini gəzdirirdi. İt balaca idi. Hər yoldan keçən itə baxıb, “nə qəşəngdir” deyirdi.  Sonra biz yeridik. Bu vaxt qarşımıza 4 qız çıxdı. Qızlar iti görəndə bir az geri çəkildilər. Həsən dedi ki, narahat olmayın “it tutan deyil”. Onlar yoluna davam elədi. Bu vaxt Elçin bizə yaxınlaşıb “tuta da bilməz” dedi. Başladı bizlə böyük-böyük danışmağa. Mən qayıtdım ki, sən kimsən, nə baş verir? O, mübahisə etməyə başladı. Mən özümü qabağa verdim. Elçin dedi ki, gəl qırağa çıxaq, söhbət edək. Mən belimdəki idman çantasını yerə qoydum və Elçinə yaxınlaşdım. Bu vaxt, Elçin mənim qarın nahiyəmə iki bıçaq zərbəsi vurdu. Mən əvvəl elə bildim ki, yumruqdu. Bu vaxta Həsən də Elçinin bıçağını əlindən almağa çalışdı. Elçin onun sinəsinə bir zərbə vurdu. Həsən üzümə baxıb, “məni vurdu” dedi. Elçin hadisə yerindən qaçmağa başladı. Mən də onun dalınca qaçdım. Yaralıydım, ona çata bilmədim. Tez Həsənin yanına gəldim. Həsən yerdə uzanmışdı, dili qatlanmışdı. Orda olanlar kömək edirdilər. Təcili Tibbi çağırılmışdı. Mən Həsənin telefonunu götürüb, son zəng elədiyi adamlara zəng elədim. Yaralıydım. Mənə də ilkin tibbi yardım göstərildi, əməliyyat otağına apardılar. Sonradan gözümü açanda, başımız üstündə polislər vardı”.

 

 

 

Orxan Məmmədzadə ifadəsindən sonra hakimlərin və dövlət ittihamçısının suallarını cavablandırıb.

 

 

İfadə vermək üçün söz hadisə zamanı orda olan Elçin Çobanovun həyat yoldaşı Leyla Çobanova verilib. O, ifadəsində 2013-ci ildə Elçin Çobanov ailə qurduğunu və 2 yaşında Elmar adlı övladlarının olduğunu bildirib. “ Mən Pedaqoji Universitetdə qiyabi təhsil alırdım. Dərslər qiyabi olduğundan axsam qurtarırdı.  Elçin hər gün dalımca gəlirdi. Yanvar ayının 6-da qızlarla dərsdən çıxdıq. Elçin bizdən bir az arxada gəlirdi. “Sahil” bağından keçəndə qarşımıza iki oğlan çıxdı. İt gəzdirirdilər. İt bizə çatanda üstümüzə hürdü. Hamımız qorxduq. Bu zaman Həsən Həsənov bizə “qorxmayın it dişləməz sizi” deyib güldü. Biz yolumuza davam etdik. Elçin də bunu eşitdi. Onlara yaxınlaşdı. Biz də ayaq saxladıq. Onlar Elçini təhqir etdilər. Başladılar Elçini o yana, bu yana itələməyə. Sonra Həsən onun sinəsinə, Orxan isə çiyninə zərbələr vurdu. Biz qızlar səs-küy saldıq, orda gəzənlərdən kömək istədik. Amma bir nəfər də köməyə gəlmədi. Onlar Elçini döyə-döyə təhqir edirdilər. Elçin bıçaq çıxarıb özünü müdafiə etmək istədi. Sonra bir anlıq nəsə oldu, Həsən yerə yıxıldı. Elçin oradan qaçdı, Orxan da dalınca. Bir müddətdən sonra Orxan ora qayıtdı. Bizdə  çıxdıq getdik. Mən gedəndə təcili tibbi yardım maşını da ora gəlmişdi. Axşam Elçin evə gəldi. Mənə dedi ki, Həsən ölüb. Polisə təslim olmağa getdi”.

 

 

Məhkəmə prosesində itin yiyəsi Viktoriya İmamverdiyeva da ifadə verib. O, ifadəsində Həsən Həsənovun uzaq qohumu olduğunu, hər gün onun itini gəzdirdiyi bildirib.

 

 

Məhkəmə prosesi oktyabrın 9-da davam edəcək.

 

Qeyd edək ki,  bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı  Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Səlcuq Elçin

Oxşar yazılar