Heydər Əliyevin təməlini qoyduğu sahə: Zeytunçuluq Azərbaycanın yeni valyuta qaynağı olacaq
18 aprel 2017 12:47 (UTC +04:00)

Heydər Əliyevin təməlini qoyduğu sahə: Zeytunçuluq Azərbaycanın yeni valyuta qaynağı olacaq

“Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir”. Bunu prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışında dedi və iş adamlarının, aidiyyatı qurumların zeytunçuluğun inkişafına da diqqət göstərməli olduğunu vurğuladı.

 

Keçid dövründə Azərbaycanda tənəzzül etmiş sahələrdən biri də zeytunçuluqdur. Müstəqilliyimizin ilk illərində Bakı və Bakıətrafı ərazilərindəki zeytun bağları ya ləğv edildi, ya da baxımsız vəziyyətə düşdü. Son illərdə isə bu sahəyə maraq xeyli artıb. “Azərsun Holiding”in zeytun yağının istehsalına başlaması və Abşeron yarımadasında yeni zeytun bağlarının salınması, köhnə bağlara qulluq istiqamətindəki təşəbbüslər Azərbaycan zeytunun şöhrətini geri qaytarmağa ümid yaradıb.

 

 

Heydər Əliyevin açdığı cığırla

 

 

Azərbaycanda zeytunçuluğun inkişafı keçən əsrin 70-ci illərindən, ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə vüsət alıb. Məhz 1970-75-ci illərdə Bakı və Abşeron yarımadasında yüz hektarlarla zeytun bağı salınıb və 3 zeytunçuluq savxozu yaradılıb. Həmin dövrdə Maştağa və Bilgəhdəki suptropik bitkilər savxozunda, eləcə də Buzovnadakı tərəvəzçilik savxozunda zeytun sahələri yaradılıb.

 

 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Hazırda 1525 hektar zeytun bağları sahəsinin 30 faizi baxımsızlıq ucbatından acınacaqlı vəziyyətdədir. Kənd Təsərrüfatı Nazirliyinin digər məlumatına görə, hal-hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir.

 

 

Son illərdə Azərbaycanda zeytunçuluğa maraq xeyli artıb. Səbəb çox sadədir. “Azərsun” zeytun yağı və tutmasının istehsalına başlayıb və bu sahə müəyyən gəlir gətirir. Lakin köhnə zeytun bağlarından məhsulu yığıb qəbul məntəqələrinə təhvil verməklə işi bitmiş hesab etmək olmaz. Zeytun ağaclarının çoxu qocalıb və bol məhsul vermir. Üstəlik yaşlı ağaclar xəstəliklərə qarşı da dözümsüzdür.

 

Ceyranbatandan Ələtə kimi zeytun bağları salmaq olar

 

 

Tanınmış geoloq Vaqif Behbudoğlunun sözlərinə görə, Abşeron yarımadasında iqlim şəraitinə ən yaxşı uyğunlaşan və faydalı ağac növlərindən biri də zeytun ağaclarıdır. Zeytun ağaclarının küləyin qarşısını almaqda, torpağın eroziyadan qorumaqda əvəzsiz rolu: “Bakı və Bakıətrafı ərazilərdə zeytun yeni zeytun bağlarını salmaq o qədər də asan iş deyil. Bunun üçün ilk növbədə ərazilər ayrılmalıdır. Həm də köhnə bağlarda yeni tinglər yetişdirilməlidir. Məncə Ceyranbatan gölündən Ələt ərazisinə qədər bağlar salmaq olar. Burada zeytun bağlarını sulamaq üçün su kəmərləri çəkilməlidir. Bu isə xeyli vəsait tələb edir. Düzdür, vaxtilə problemdən çıxış yolu kimi bağların ətrafında quyular qazılıb. Ancaq quyulardan su çıxmayıb. Azərbaycan zeytunçuluğu inkişaf etdirməkdə maraqlıdırsa, onda su kəmərlərinin çəkilməsi məsələsini də həll etməlidir”.

 

Dünya bazarını zeytunla əsasən Aralıq dənizi ölkələri, xüsusilə Yunanıstan və İtaliya təmin edir. Proqnozlara görə, gələcəkdə Azərbaycan öz məhsulu ilə onlarla MDB-də rəqabətə girə biləcək.

 

 

Komitə: neft mədənlərinin yerində zeytun bağları salınacaq

 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsində hesab edirlər ki, Abşeron yarımadasında, Bakının mərkəzi hissəsinin ətrafında yaxın gələcəkdə geniş yaşıllıq zolaqlarının, eləcə də zeytun bağlarının salınması gözlənilir: “Xüsusi ilə də mədən ərazilərində iqlim xüsusiyyətlərinə uyğun olaraq havanın yaxşılaşdırılması məqsədi ilə geniş yaşıllıqların salınması gözlənilir. Bu məsələ Bakının konseptual inkişaf planında da var. Ümumiyyətlə Abşeron yarımadası zeytunçuluğun inkişafı və keçmiş şöhrətini bərpa etməsi üçün çox münasibdir. Daha konkret desək, Bakıda zeytunçuluğun inkişafı məqsədi ilə ən münasib ərazilər Abşeron yarımadasının şimal hissələridir. Çünki bu ərazilərdə, xüsusi ilə Sabunçu, Balaxanı, Ramanı, Kürdəxanı, Zabrat qəsəbələri istiqamətində xeyli mənimsənilməmiş mədən əraziləri mövcuddur. Bu ərazilərdə yaşıllıqların salınması və təsərrüfat məqsədli yaşıllıq zolaqlarının (zeytun bağları) yaradılması həm ekoloji, həm də iqtisadi cəhətdən çox faydalı olacaq. Bu ərazilərdə landşaft arxitekturası qiymətləndirilərkən zeytunçuluq mütləq nəzərə alınacaq və yerli xüsusiyyətlərə uyğun zeytun növlərinin kütləvi əkilməsi işlərinə başlanılacaq.

 

 

Birlik sədri: “Zeytundan yaşıllaşdırmada geniş istifadə edirik”

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sədri Vaqif Novruzov keçid dövründə Azərbaycanda zeytunçuluğun tənəzzülünü zeytun savxozlarının və sahələrin özəlləşdirilməsi ilə izah edir: “O vaxtlar dövlət səviyyəsində zeytunçuluq himayə edilirdi, Sonra sahələr və təsərrüfatlar özəlləşdirildi və hər bir iş adamı öz istəyinə uyğun istiqamət götürdü. Ümumiyyətlə zeytunçuluğun inkişafı, bu istiqamətdəki təşəbbüslər və layihələr çox təqdirəlayiqdir. Zeytun əvəzsiz bitkidir. Deyərdim ki, zeytun və sarımsaq qida mənbəyi kimi əsli-bərabəri olmayan bitkilərdir”.

 

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sədri Vaqif Novruzov hazırda Bakıda yaşıllaşdırma sahəsində zeytundan da geniş istifadə edilir: “Əlbəttə ki, biz də istifadə edirik, plantasiyalarımız var. Zeytun tingələri becərilir və bunlardan oksigen balansının qorunması və yaşıllaşdırmada geniş istifadə edilir”.

 

Vaqif Novruzov onu da bildirdi ki, Bakıda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nəzarətində olan zeytun ağaclarının verdiyi məhsulu elə həmin idarənin işçiləri toplayır. Məhsulu zavoda vermək və ya fərdi şəkildə istifadə etmək isə işçilərin öz ixtiyarındadır.

 

 

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndə Bakıda zeytunçuluğun inkişafı ilə bağlı iki bənd var:

 

1. Zeytunçuluq təsərrüfatlarının dəstəklənməsi

 

2. Müasir zeytun emalı fabrikinin dəstəklənməsi

 

 

Kənd Təsərrüfatı Nazirliyinin “Çoxillik bitkilərin əkilməsi və istehsalı” sektorunun müdiri Elbrus Xəlilovun sözlərinə görə, həmin proqramdan irəli gələrək biz bir sıra işlər görülüb. Bunun üçün aqrar istehsal və emal sənayesində təcrübəsi olan şirkətləri bu prosesə cəlb edilib: “Təcrübəsi olan özəl şirkətlər zeytunçuluğun inkişafında mühüm rol oynayırlar. «Azərsun-Holdinq» şirkətinin istehsal etdiyi «Zeytun bağları» markalı yağlar və s. məhsullara maraq böyükdür. Gələcəkdə Azərbaycanda zeytunçuluq sənayesinin inkafı üçün perspektivlər çoxdur. Hazırda Suraxanı, Nizami və Binəqədi rayonlarında yeni-yeni zeytun bağları salınır, ağaclar əkilir».

 

 

“Azərsun” zeytunçuluğun inkişafında müstəsna rol oynayır

 

 

2013-cü ilin yazından etibarən “Azərsun Holding”in təşəbbüskarlığı ilə Bakının bir neçə rayonunda həmin rayonların icra hakimiyyətləri ilə birgə zeytunçuluğun inkişafı-zeytun ağaclarına qulluqla bağlı layihələr həyata keçirilir. Şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirir ki, bu aksiyaların əsas məqsədinin Abşeron yarımadasında bitən zeytun ağaclarına diqqətin daha da artırılmasıdır: “Bakının bütün rayonlarında üç ay müddətində mərhələlərlə keçirilən aksiyalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhər İcra hakimiyyətinin müvafiq idarələrinin və qeyri-hökumət təşkilatlarının könüllüləri iştirak edir. Layihəyə ilk olaraq Nizami rayonunda start verildi. Bizim həm də Binə qəsəbəsində böyük tinglik təsərrüfatımız var. Orada yetişdirilən tinglər Bakının müxtəlif ərazilərində əkilir və yerli icra orqanları ilə birgə onlara qulluq göstərilir”.

 

 

Afiq Səfərovun sözlərinə görə, şirkət hər il zeytun qəbulunu həyata keçirir. “Zeytun bağları” milli markası adı altında istehsal edilən həm yağ, həm də tutmalar ən yüksək beynəlxalq standartlara cavab verir.

 

 

Sahibkarlar güzəştli kreditlərdən faydalana bilər

 

 

Son illərdə Bakıda zeytunçuluq təsərrüfatlarının yaradılması ilə bağlı Sahibkarlığa Kömək Milli Fonduna bir neçə layihə təqdim edilib. Fonddan bildirilib ki, Sabunçu, Suraxanı, Xəzər rayonlarında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli fondu nəinki bu rayonlarda, ümumiyyətlə bütün paytaxt ərazisində və Abşeron yarımadası ətrafında bu tip layihələri maliyyələşdirməyə hazırdır. Bunun üçün sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilir. Təkcə Zirə qəsəbəsində zeytunçuluqla məşğul olan sahibkar 200 hektar ərazidə zeytun bağının salınması üçün 400 min manat güzəştli kredit verilib. 140 hektarda tinglərin salınması başa çatdırılıb. 1 ildən sonra sahibkarlar tərəfindən həmin ərazidən 2 min tondan çox məhsul götürülməsi planlaşdırılır.

 

Zeytun ağacı ək, bir az səbir et, dövlətli ol

 

 

Ekspertlər hesab edir ki, yeni əkilmiş zeytun ağaclarına ən azı 2-3 il ərzində müntəzəm qulluq edilməlidir. Bundan sonra isə ağaclara ciddi qulluq göstərməyə ehtiyac yoxdur. Çünki zeytun ağacları özünü tutandan sonra ən sərt şəraitdə belə yaşamağa qadirdir. Bu ağaclar quraqlığa yaxşı davam gətirir. Vaqif Mehbudoğlu bildirir ki, zeytun ağacı gilli torpağı sevmir: “Buna görə də, nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün xüsusi yerlər seçilir. Qışda temperatur mənfi 3-4 dərəcədən yuxarı olan ərazilərdə zeytun kolları əkilə bilər. Temperatur göstərilən dərəcədən aşağı düşəndə isə zeytun ağaclarının inkişafı çətin olur. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Amma zeytun ağacını becərməyə və qayğısına qalmağa ehtiyac yoxdur. Baxmayaraq ki, o ən bahalı bitkilərdən biri hesab edilir. Yerli sakinlər gözəl bilirlər ki, artıq bar verən zeytun bağları əsrlər boyu yaşayır. Zeytun çox məhsuldardır və ona çəkilən zəhmət hədər getmir. Bir hektar sahədə əkilmiş məhsuldan 12 ton yağ əldə etmək mümkündür. Bu minimum hesabla bir hektardan 60 min dollardan artıq gəlir əldə etmək deməkdir”.

 

Göründüyü kimi zeytun bağları həm ekoloji cəhətdən, həm də gəlir mənbəyi kimi çox faydalıdır. Buna görə də dövlət və iş adamları bu barədə ciddi düşünməlidir. İstənilən halda ağaclar əkiləndən sonra bu dövlətə və xalqa xidmət edəcək. Həm yağı ilə, həm də oksigeni ilə.

 

 

Nizam Rzayev

 

 

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan olunan yaradıcılıq müsabiqəsinə təqdim edilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2701
avatar

Nizam Rza

Oxşar yazılar