Bakıda ata və qızını piyada keçiddə vuraraq hadisə yerindən qaçmaqda təqsirləndirən Tofiq Qədirovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən, Tofiq Qədirovun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ötən il noyabrın 23-ü, səhər saat 07:00 radələrində Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, onun arvadı Olqa və iki azyaşlı övladını naməlum avtomobil vuraraq, hadisə yerindən qaçıb.
Yaralılar 3 saylı kliniki xəstəxanaya çatdırılsalar da, A.Əhmədov və qızı Mədinənin həyatlarını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 2107” markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.