Fevralın 11-dən etibarən Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər. Bu barədə Lent.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.
Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli “Çağrı” mərkəzinə stasionar(ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaqdır. “108” nömrəsinə edilən zəngvə aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Qeyd edək ki, mərkəzin Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir. Vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək müraciət edə bilərlər.