Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin may ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, eyni zamanda qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilir.
Lent.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 37 nəfər saxlanılıb, onların 24 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən bir nəfər olmaqla Türkiyə, Gürcüstan, Qırğızıstan, Moldova və Litva vətəndaşlarıdır.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 9 nəfər, Xəzər dənizində 23 halda 32 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 411 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 halda 33 kiloqram 323,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bundan başqa, qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 76 halda ümumi dəyəri təqribən 444 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd travmatik tapança, travmatik tapança üçün 7 ədəd patron və 1 ədəd daraq, 3 ədəd 7,62 mm-lik patron, 1,5 kq barıt, 1 ədəd beşbarmaq, 500 ABŞ dolları, 1.228.000 rubl, 550 AR manatı, 500 İİR rialı, 774 qram qızıl-zinət əşyaları, 1 ədəd mühərrik, 5 ədəd qayıq, 800 metr tor, 132 ədəd mobil telefon, 1566 ədəd 600 qramlıq mühərrik yağı, 28 ədəd peyk antenasının aksessuarları, 7910 qutu müxtəlif markalı siqaret, 149 ədəd müxtəlif spirtli içkilər, 36 kq parfümeriya məmulatı, 327 ədəd müxtəlif dərman preparatları və digər istehlak malları saxlanılıb.