Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Zaqatala rayon sakini, 1994- cü il təvəllüdlü Mark Süleymanov və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Pərviz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib. Təqsirləndirilən şəxslər ittihamla tanış olmadıqları üçün məhkəmənin hazırlıq iclası iyunun 18-ə qədər təxirə salınıb.
Qeyd edək ki, qətl keçən il dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Füzuli rayon sakini, hazırda Bakının Maştağa qəsəbəsində müvəqqəti məskunlaşan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğlunun meyiti tapılıb. Keçirilən əməliyyatla taksi sürücüsünü qətlə yetirən Zaqatala rayon sakini Süleymanov Mark Abil oğlu və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Qasımov Pərviz Ələmdar oğlu tutulub. Onlar Mark Süleymanovun atasının Zaqatalanın Qandıx kəndindəki evində yaxalanıblar. Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.
Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib.
Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.