Ukraynanın Jitomir vilayətinin Olevsk şəhərində fevralın 14-nə keçən gecə yerli polisin ailəsi ilə birlikdə yaşadığı yaşayış binasını yandırmağa cəhd edilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, binaya qismən ziyan dəyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisədən bir neçə saat əvvəl patrul xidmətinin əməkdaşları 31 yaşlı sərxoş sürücünün idarə etdiyi “VAZ” markalı avtomobili saxlayıblar. Polislə qarşılıqlı əlaqə zamanı o, 34 yaşlı sərnişini ilə birlikdə aqressiv davranaraq yerli polisi açıq şəkildə hədələyib. Sürücü sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edib.
Hadisədən sonra həmin şəxslər yerli yanacaqdoldurma məntəqəsindən dizel və benzin alaraq, polisin evinə gediblər. Onlar içəridə asayiş keşikçisinin həyat yoldaşı, 1 yaş 8 aylıq yaşlı qızı və qayınatasının olduğunu bilə-bilə evə tezalışan maye tökərək, yandırıblar.
Cinayətkarlar qısa müddətdə saxlanılıb. Onları qəsdən yandırma və adam öldürməyə cəhdə görə cinayət məsuliyyəti gözləyir. İstintaq tədbirləri davam etdirilir.