Tanzaniyada Viktoriya gölündə təyyarənin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.
Lent.az bildirir ki, bu barədə “The Citizen” qəzetinin “Twitter” hesabında məlumat verilib.
Qeyd olunur ki, Afrikanın “Precision Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Viktoriya gölündə qəzaya uğraması nəticəsində iki kişi və bir qadın həlak olub.
Daha əvvəl bildirilmişdi ki, xilasedicilər Tanzaniyanın şimalında Viktoriya gölünə düşən ATR 42-500 təyyarəsinin 26 sərnişinini xilas edə biliblər. Yerli polis rəisi Uilyam Mvampaqalın sözlərinə görə, təyyarə 100 metr hündürlükdən gölə düşüb.
***
14:09
Tanzaniyanın “Precision Air” şirkətinə məxsus sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bildirilir ki, təyyarədə 53 nəfər olub: 49 sərnişin və 4 ekipaj üzvü. Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub. İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.
Axtarış-xilasetmə əməliyyatı davam edir. TBC xəbər verir ki, indiyədək 15 nəfər xilas edilib. Sosial şəbəkələrdə paylaşılan video və görüntülərdə təyyarənin demək olar ki, tamamilə su altında olduğu, yalnız quyruğu su xəttinin üstündə görünür.