Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, 01 avqust 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq ərazi qapadılıb.
Keçiriən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağlamanı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb.
Avtomobil sürücüsünün Moskva şəhər sakini, 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəllüdlü Məmiyev Teymur Adil oğlu olmaları müəyyənləşdirilib, onların götürdükləri bağlamalara keçirilmiş baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.