Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bakı Slavyan Universitetinin sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva şahid qismində ifadə verib.
Nurlana Əliyeva 2 saata yaxın davam edən ifadəsində bir çox məsələlərə toxunub. Sabiq rektor onun təyinatına qədər universitetdə ciddi problemlər olduğunu bildirib:
“Universitetin maliyyə sistemində o qədər pozuntu vardı ki, yoxlama zamanı Hesablama Palatası da baş aça bilmədi. Mən gələndən sonra isə inkişaf başladı, dünya üzrə məşhur şəxslər vaxtaşırı universitetdə mühazirələrlə çıxış etdilər. 5 ildə universitet tamamilə dəyişdi. Bundan əlavə mənim dövrümdə universitetdə Yeni Azərbaycan Partiyası üzvlərinin sayı kəskin artdı”.
Hakim Əli Məmmədov Nurlana Əliyevaya müraciət edərək ondan mahiyyəti üzrə ifadə verməsini istəyib.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin onunla bağlı fikirlərini birmənalı şəkildə təkzib edib, Dürdanə Əliyeva ilə heç bir işbirliyinə girmədiyini deyib: “Pandemiya dövründə vəziyyət pis idi, tələbələrin universitetə gəlib-getməsində çətinliklər yaranmışdı. Dürdanə Əliyeva belə bir vəziyyətdə mənim inamımdan istifadə etdi. İlk dəfə iki nəfər tələbə bu işlər barəsində mənə şikayət etdi. Araşdırma apardıq, məlum oldu ki, təhsil ödənişləri Dürdanə Əliyeva tərəfindən mənimsənilir. Sonra onu yanıma çağırıb dedim ki, belə işlər müəllimə yaraşmır. Söz verdi ki, evimi satıb pulu qoyacam yerinə. 10 gün vaxt verdim, gördüm nəticəsi yoxdur. Sonradan gedib Təhsil Nazirliyinə şikayət etdim. Möhtərəm hakim, Dürdanə Əliyeva mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. İstər həyat yolum, istər dövlət tərəfindən mənə göstərilən etimad bu işlərlə məşğul olmağıma imkan verməz, mənə yaraşmaz. Evdən mürəbbə, şəkərbura-paxlava gətirirdim ki universitetin pulu getməsin. Mənim təbiətim buna imkan vermir”.
Prokuror Nurlana Əliyevadan 3 il ərzində əyani və qiyabi şöbədə baş verənlərdən xəbərsiz qalmasının səbəbini soruşub.
Keçmiş rektor bunun səbəbini pandemiya zamanı universitetdə yaranan vəziyyətlə əlaqələndirib:
“Pandemiya idi, məhdud şəraitdə fəaliyyət göstərirdik. Həm də həmin şöbədə çox az tələbə təhsil alırdı. Dürdanə Əliyeva da deyirdi ki, pandemiyada tələbələr gələ bilmir”.
Bakı Slavyan Universitetini təmsil edən vəkilin “123 nəfər tələbənin təhsil haqqını ödəməməsi sizdə suallar doğurmadımı?” sualına isə şahid “Universitetin son kursuna kimi tələbələrin ödəniş məsələsinə qarışa bilməzdik. Həm bir-bir tələbələrin ödənişini yoxlaya bilməzdim axı”, deyə cavab verib.
O, həmçinin Dürdanə Əliyeva ilə heç bir işbirliyinin olmadığını vurğulayıb: “Bir-iki nəfər kiminsə işə düzəldilməsi barədə xahiş edib, rədd eləmişəm. Həmçinin bu məsələlərlə bağlı istintaqa 40 səhifəlik material vermişəm”.
Daha sonra Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandırıb.
Vəkilin “Universitetin gəliri tələbələrin ödənişindən asılıdır, ödənişlər gəlməyəndə mühasibatlıqda problemlər yaranmırdı”
sualına Nurlana Əliyeva deyib ki, sözügedən şöbədə çox az tələbə təhsil aldığına görə mühasibatlıq üçün problemlər yaranmayıb.
Müdafiə tərəfi universitetdə ödəmə terminallarının işləməməsi barədə də qeyd edib:
“95 nəfərə yaxın tələbə deyir ki, terminallar işləmədiyinə görə tələbələri təhsil ödənişini nağd şəkildə vermək üçün Dürdanə Əliyevanın yanına göndərirdilər”.
Nurlana Əliyeva “Hamısı Dürdanənin işləridir. Mən burda eşidirəm ki, universitetdə ödəmə terminalı işləməyib”.
Təqsirləndirilən Dürdanə Əliyeva da sabiq rektorun ifadəsinə münasibət bildirib. O, deyib ki, universitetdən məcburi çıxarıldıqdan sonra təhvil-təslim olub, lakin həmin vaxt heç bir problem aşkar edilməyib.
Nurlana Əliyeva isə şahidin dediklərini təkzib edərək, təhvil-təslim vaxtı hər şeyin üzə çıxdığını deyib.
Prosesin sonunda sədrlik edən hakim Əli Məmmədov Nurlana Əliyevaya suallar verib.
Hakim təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pulları ona verib-verməmədiyini soruşub: “Dürdanə Əliyeva deyir ki, hər dəfə tələbələrdən aldığı pulları aparıb rektora təhvil verirdim. Belə hallar olubmu?”
Nurlana Əliyeva belə halların qətiyyən olmadığını açıqlayıb.
Hakim bu zaman zalda olan zərərçəkmiş Eyyub Ramazanovdan əvvəl verdiyi ifadəni təkrarlamasını istəyib. Eyyub Ramazanov deyib ki, Dürdanə Əliyevaya işə düzəlmək üçün verdiyi pul rektora çatıb. Hətta onu rektorun otağından çıxanda görüb.
Nurlana Əliyeva belə bir hal yaşanmadığını deyib.
Proses aprelin 10-da davam etdiriləcək.
***
saat 10:06
Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesə sədrlik edən hakim Əli Məmmədov “şöbə müdiri ittiham olunursa” universitet rəhbəri məhkəmədə dindirilməlidir”-deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.
Prosesin gedişi barədə məlumat veriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.