Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılan iş üzrə dövlət ittihamını prokuror Orxan Səmədov müdafiə edir.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Rəşad Dağlının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil vəsatəti cinayət işinin matreallarında müvəkkilinin şəxsi və ailə sirləri ilə bağlı epzidlar olması ilə əlaqələndirib.
Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.
Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət rədd olunub.
İş üzrə baxış iclası mayın 1-ə təyin olunub.
***
09.49
Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası bu gün keçiriləcək.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-də başlayacaq.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.
Məhkəmənin gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.