Baş Prokurorluq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovun yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Fərəcov Pərvin Zakir oğlunun guya prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub: "İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur. Bununla bağlı bildiririk ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır. Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir".