Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, iş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev "Azərbaycan Respublikasının Gənclər Fond"na 385 min manat, "Paşabank" ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.