Polisin saxladığı şəxs niyə ölüb? - RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
03 iyun 2022 12:44 (UTC +04:00)

Polisin saxladığı şəxs niyə ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib.  

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub. İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. 

Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər.

Bununla əlaqədar bildirirəm ki, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq, yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil.

Faktla əlaqədar hazırda Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

***

1 iyun, saat 22:39

Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib. 

DİN-dən Lent.az-a verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur. 

Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb. 

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilmişdir. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7302
avatar

Oxşar yazılar