Sinqapur hakimiyyəti gələn həftə bir kilo marixuana satmaq üçün sui-qəsd hazırlayan bir adamı asmağı planlaşdırır.
Lent.az xarici mətbuata istinadla məlumat verir ki, bu, dövlətdə son altı ayda ilk edamdır.
Sinqapurlu Tanqaracu Suppia, ailəsinin aldığı həbsxana bildirişinə görə, aprelin 26-da dar ağacından asılacaq.
"Əgər edam həyata keçirilərsə, bu, beynəlxalq hüququn pozulması və Sinqapurda ölüm hökmünün tətbiqinə qarşı davam edən etirazlara davamlı etinasızlıq olardı", - hüquq müdafiəçisi Kirsten Xan bildirib.
2017-ci ildə Suppia, Sinqapurda ölüm hökmünə layiq görülən minimum məbləğdən iki dəfə çox olan 1,017,9 qram marixuana satmaqda təqsirli bilinib. 2018-ci ildə o, ölüm cəzasına məhkum edilib və ölkənin apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Sinqapur iki ildən çox fasilədən sonra 2022-ci ilin martında asılaraq edamı bərpa edib. Ötən il 11 nəfər edam edilib ki, onların da hamısı narkotiklə əlaqəli cinayətlərə görədir.