Kəlbəcərdə faciəvi şəkildə dünyasını dəyişən Azərbaycan Ordusunun əsgəri Xudatda dəfn olunub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Köhnə Xudat kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Əsgər Riyad Əliyarov iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.