Rusiyanın Sankt-Peterburq məhkəməsi prokurorluğun iddiasını təmin edib və Daxili İşlər Nazirliyinin Kalininski rayonu üzrə keçmiş rəis müavini - polis rəisi Kseniya Kokoninanın əmlakının bir hissəsinə həbs qoyub.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın polis məmuru 2022-ci ilin noyabrında 2019-2021-ci illər üzrə gəlirləri ilə bağlı yalan məlumat verdiyinə görə etibarını itirdiyi üçün xidmətdən uzaqlaşdırılıb.
Məlumata əsasən, məhkəmənin qərarı ilə Kokonina 8,5 milyon rubl (təxminən 153 min manat) dəyərində olan “Porsche Cayenne” avtomobilini və ümumilikdə 23 milyon rubl (təxminən 414 min manat) dəyərində olan iki mənzilini itirib.
Məhkəmədə keçmiş polis əməkdaşı avtomobili əvvəlki eyni markalı avtomobillə alver edərək aldığını iddia edib. O, həmçinin ərinin ölümündən sonra ərinin dostunun ona pulsuz verdiyi mənzildə 6 milyon rubl tapdığını və anasının əmanətindən istifadə edərək mənzili ipoteka ilə aldığını bildirib.