İranla sərhəddə ATƏŞ AÇILDI:  6 nəfər... - FOTO
01 sentyabr 2022 13:48 (UTC +04:00)

İranla sərhəddə ATƏŞ AÇILDI: 6 nəfər... - FOTO

Avqustun 29-da saat 22:00-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İran istiqamətinə qaçıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:10-da sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən 2 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayon sakini 36 yaşlı Əlmanov Natiq Aydın oğlu və Şabran rayon sakini 51 yaşlı Rəsulov Tahir Zahir oğlu olması müəyyənləşdirilib. Üzərilərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram marixuana və 800 ədəd metadon-40 həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxslər əraziyə narkotik vasitələri əldə etmək məqsədilə gəldiklərini etiraf ediblər.

Avqustun 30-da saat 16:30-da Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmaraq, xidməti ərazi qapa­dılıb və sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucuları əllərindəki bağlamaları ataraq ərazinin sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İran istiqamətinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı sərhəd pozucuları tərəfindən atılmış 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr (15 kq 820 qram marixuana, 500 qram heroin, 420 qram metamfetamin)  aşkar olunaraq götürülüb.

Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10-SE-862 dövlət nömrə nişanlı avtomobil aşkar olunub.

Ərazidə axtarış tədbirləri nəticəsində saat 18:25-də kəndin əkin sahəsində gizlənmiş İmişli rayon sakini 25 yaşlı Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf edib.

Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 23:55-də hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 31 yaşlı Ağamalıyev Ramil Nazim oğlu sərhədçilər tərəfindən saxlanılıb.      

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 4188
avatar

Mehman Nəbiyev

Oxşar yazılar