Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, əvvəlki iclasdakı ifadəsini davam etdirib.
Əvəz Zeynallı bildirib ki, ona qarşı istintaqda ifadə verən vəkil Elçin Sadıqov gəldikdən sonra ittiham olunduğu 5 epizod üzrə danışacaq. Onun sözlərinə görə, etdiyi ən böyük səhv Elçin Sadıqovun "Meydan tv"yə verdiyi açıqlamasını "Xural Tv"nin canlı yayımda istinadla səsləndirməsi olub.
Qeyd edib ki, bu xəbərdən sonra o, tutulub.
Məhkəmə iclası iyulun 14-nə təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatına görə, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.