Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının bəzi hərəkətləri ilə diqqət çəkib.
Belə ki, ittiham aktı elan olunan zaman “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı qulağına salfet tıxayıb.
Bundan başqa, məhkəmə zalına gec buraxıldığı üçün Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə hakim arasında mübahisə düşüb. Məlahət Zeynallı prosesi pozduğu üçün hakim Əli Məmmədov ondan zalı tərk etməsini istəyib. Məlahət Zeynallı buna əməl etmədiyi üçün hakim özü zalı tərk edib.
Hakim bildirib ki, Məlahət Zeynallı məhkəmə zalını tərk etdikdən sonra proses davam edəcək.
Nəticədə Əvəz Zeynallı yoldaşı ilə danışdıqdan sonra Məlahət Zeynallı zalı tərk edib.
Proses başladıqdan sonra Əvəz Zeynallı hakimdən həyat yoldaşını zala daxil olması üçün xahiş edib.
Beləliklə, Məlahət Zeynallı bir daha yerdən danışmamaq şərti ilə məhkəmə iclasına buraxılıb.