Ermənilər nənəsini gözləri önündə güllələyib, özünü 3 il əsir saxladılar - REPORTAJ
01 yanvar 2021 14:28 (UTC +04:00)

Ermənilər nənəsini gözləri önündə güllələyib, özünü 3 il əsir saxladılar - REPORTAJ

Ermənilər onu Kəlbəcərdə əsir götürəndə 15 yaşı var idi. Düşmən əsgərləri nənəsinin yalvarışlarına, fəryadına məhəl qoymadan yeniyetmə oğlanı tankın üstünə mindirib özləri ilə aparmışdılar. Buna etiraz edən nənəsini isə gözünün qabağında güllələmişdilər.

Kəlbəcərli Zabil Səfərov bu dəhşətli hadisəni 1993-cü ilin aprel ayında yaşayıb. Üç ilə yaxın əsirlikdə olan Zabil hazırda Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşən turizm mərkəzlərindən birinin ərazisində məskunlaşıb. 42 yaşlı Zabil Səfərovunun iki övladı var. Onunla bərabər Nabranda 40-dan çox kəlbəcərli ailə yaşayır.

 

Zabil Səfərovun əsir götürülmə anları erməni terrorçuları tərəfindən lentə alınıb. Həmin videokadrlara internetdə baxmaq olar. Zabil bildirir ki, ermənilər çəkiliş apardıqdan sonra nənəsini güllələyib, özünü isə vəhşicəsinə döyərək özləri ilə aparıblar: “Mən özüm Zivel kəndində doğulmuşam. Amma 8 yaşımdan Çıraq kəndində nənəmlə yaşamışam. 1993-cü ilin mart ayının son günlərində ermənilər Kəlbəcərə girməyə başladı. Bizim kənddən hamı çıxdı, mən isə yaşlı nənəmlə qaldım. Aprel ayının 4-də kəndimizi mühasirəyə aldılar. Bir gün sonra isə biz ermənilərə əsir düşdük. Nənəm tanka minə bilmədiyi üçün məni tək aparırdılar. Ahıl qadın yalvarıb-yaxardı ki, əmanət uşaqdır, onu məndən ayırmayın. Amma ermənilər nənəmin ah-naləsinə baxmadılar. Bundan sonra nənəmi bir kəlmənin üstündə öldürdülər. O dedi ki, onsuz da gec-tez bizim əsgərlər buranı sizdən azad edəcəklər, bu torpaqlar sizdə qalmayacaq. Məni tanka mindirdikdən sonra nənəmi güllələdilər. Məni isə avtomatın qundağı ilə döyüb, işgəncə verdilər”.

Bundan sonra Z.Səfərovun 2 il 9 aylıq dözülməz işgəncələrlə dolu əsirlik həyatı başlayıb. Uzun müddət Xankəndidə və Ağdərədə əsir düşərgələrində, eləcə də Şuşa həbsxanasında saxlanılan Zabil uzun illər yaddaşından silinməyəcək sarsıntılar keçirib: “Bizi qul kimi işlədirdilər. Gözümün qabağında yaşlı-cavan demədən kimi istəsələr, olmazın işgəncələrə məruz qoyaraq öldürürdülər. Mənə gücüm çatmayan işləri gördürürdülər, yemək vermirdilər. Yay gələndə sevinirdik ki, işləməyə gedəndə ağaclardan meyvə yeyib qarnımızı doyuracağıq. Valideynlərimdən xəbərim yox idi. Bilmirdim salamatdırlar, ya yox. Bir ildən sonra Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə dayımla əlaqə saxladım. Danışıqlardan sonra bizi 1996-cı ilin yanvar ayında Azərbaycanda olan mülki ermənilərlə dəyişdilər. Mən Bakıya gələndə gözlərimə inana bilmirdim. Ermənilər doğma dilimizdə danışmağa icazə vermədiklərindən, Azərbaycan dili artıq mənə qəribə gəlirdi. O qədər sarsılmışdım ki, dayıma deyirdim ki, Azərbaycan dilində danışmayaq bizi eşidərlər. Sonra Xaçmaza valideynlərimin yanına gəldim. Yalnız ailə qurandan sonra həyat yoldaşımın dəstəyi ilə psixoloji vəziyyətim normallaşmağa başladı. Gecələr daim qarabasmalarım olurdu. Elə bilirdim yenə əsirlikdəyəm”.

Həmsöhbətimiz bu günə kimi Kəlbəcər həsrəti ilə yaşadığını, həmişə doğma yurduna qayıdacaqlarına inandığını bildirib: “Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin hər çıxışını diqqətlə izləyirdik. Əmin idik ki, torpaqlarımız alınacaq. Mənim övladlarım o torpaqları görməyib. Amma Kəlbəcər üçün məndən çox sevinirlər. Günü elə bu gün ora qayıtmağa hazırıq. Prezidentimiz desin ki, torpaqlarımıza qayıdırıq, hamıdan qabaq gedəcəyəm. Mən Kəlbəcərə gedən kimi ilk növbədə nənəmin öldürüldüyü yerə baş çəkəcəyəm. Sonra 5 ay zülm çəkdiyim Şuşa həbsxanasında olmaq istəyirəm. Biz kəlbəcərlilər bir an da olsa, doğma torpaqlarımıza dönəcəyimizə şübhə ilə yanaşmadıq. Yurd həsrəti bizi üzsə də, Vətənimizin düşməndən azad olunacağına inamımız hər keçən gün daha da artdı. Uşaqlarımla birgə doğma kəndimə köçüb təsərrüfatla məşğul olacağam”.

Qeyd edək ki, işğaldan əvvəl 147 yaşayış məntəqəsi olan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulmuş, 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdü.

Bu il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur.

 

Erməni əsirliyində

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10