Mənimsəmədə təqsirləndirilən sabiq səfir Eldar Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Lent.az bildirir ki, bu barədə APA-ya Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat verib.
O bildirib ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib:
"Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv edilib".
Cavad Cavadov deyib ki, şikayətin təmin olunmayan hissəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.
İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.