Qırğızıstan parlamentinin deputatı Emil Jamqırçıyev Özbəkistanda tanınmış “qanun oğru”dan Qırğızıstan prezidenti Sadır Japarov və respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyevin aradan götürülməsini istəyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda “Kabar” agentliyinə Qırğızıstanın dövlət başçısı açıqlama verib.
“Mənə verilən məlumata görə, o, Qırğızıstan-Özbəkistan dövlət sərhədini qanunsuz keçib, Salimbaybaça ləqəbli kriminal avtoritet Salim Abduvaliyevlə görüşüb və ondan “iki dostunu” məhv etməkdə köməklik etməyi xahiş edib”, - Japarov bildirib.
KİV-in məlumatına görə, Qırğızıstanda Japarovun özünü və Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Taşiyevi “iki dost” adlandırmaq adətdir.
Emil Jamqırçıyev
Jamqırçıyev respublikanın Özbəkistanla sərhədini qanunsuz keçməkdə ittiham olunur. Yanvarın 10-da parlamentdə onun deputat toxunulmazlığından məhrum edilməsi məsələsinə baxılan zaman Jamqırçıyev qanunvericilik məclisinin binasının ikinci mərtəbəsindən özünü ataraq Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşlarından gizlənib.