Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.
***
05:02
Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın qeydə alınıb.
APA xəbər verir ki, Əliyar Əliyev 8 ünvanında yerləşən 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən iki otaqlı mənzildə yanğın başlayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən APA-ya bildirilib ki, yanğınsöndürən texnikaların küçəyə daxil olması çətin olub. Səbəb bina sakinlərinin avtomobilləri həyətyanı ərazidə düzgün park etməməsi olub.
Buna görə də əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.